Rusiya və Britaniya səfirləri özlərini Stalin və Çörçillə oxşatdılar –İranda "Tehran-43" diplomatik qalmaqalı (FOTO)

Rusiyanın İrandakı səfiri Levan Caqaryanın Britaniyanın Tehrana təyin olunmuş yeni səfiri Saymon Şerklifflə çəkdirdiyi foto diplomatik qalmaqal yaradıb.

Azpost.info bildirir ki, Rusiya səfiri yeni həmkarı ilə öz diplomatik iqamətgahında görüşüb. Bundan sonra onlar 1943-cü ildə tarixi Tehran konfransının keçirildiyi pilləkəndə şəkil çəkdiriblər. Bu foto isə Stalin, Çörçill və Ruzveltin məşhur fotosunu xatırladıb.

İran rəsmiləri bunu hörmətsizlik kimi qarşılayıblar.

İran parlamentinin sədri Məhəmməd Qalibaf Rusiya və Britaniya səfirlərini tənqid edərək bu fotonu “qəribə” adlandırıb və XİN-i bu məsələni araşdırmağa çağırıb.

Qalibaf tvitterdə yazıb ki, Rusiya və Britaniya səfirlərinin bu diplomatik hörmətsizliyi təcili şəkildə araşdırılmalıdır.

Parlamentin sədri səfirləri dərhal üzr istəməyə çağırıb.

İranın xarici işlər naziri Zərif də fotonu ciddi tənqid edib. “Bu gün yersiz bir foto gördüm. 2021-ci ilin avqustu 1941-ci ilin avqustu və 1943-cü ilin dekabrı deyil. İran xalqı nüvə sazişi ilə bağlı danışıqlarda göstərdi ki, onun taleyi heç vaxt xarici ölkə səfirlərinin və dövlətlərinin qərarlarından asılı ola bilməz”-deyə Zərif tvitterdə yazıb.

Xatırladaq ki, 1943-cü ilə İkinci dünya müharibəsinin gedişatını müzakirə etmək üçün SSRİ, ABŞ və Britaniya rəhbərlərinin görüşdüyü Tehran konfransı iran cəmiyyətində birmənalı qarşılanmır. Bu görüş İranın suverenliyinə qarşı bir təcavüz kimi xatırlanır. Foto bu baxımdan İran cəmiyyətinin bütün təbəqələrində, sosial şəbəkələrdə böyük tənqid dalğası yaradıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Gədəbəy və Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

Sonrakı məqalə

“Jurnalistika” ixtisasını seçənlər qabiliyyət imtahanı verəcək –