Rusiya XİN Azərbaycan və Ermənistana çağırış edib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş gərginliyə münasibət bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə bildirib ki, Rusiya tərəfi baş vermiş hadisədən ciddi narahatlıq hissi keçirir.

“Biz Bakı və İrəvanı təmkin nümayiş etdirməyə, gərginliyin azaldılması üçün addımlar atmağa və vəziyyətin daha da pisləşməsinə səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə qətiyyətlə çağırırıq. Ortaya çıxan bütün məsələlər yalnız sülh, siyasi-diplomatik yollarla həll edilməlidir. Baş verənlər bir daha təsdiq edir ki, Azərbaycan və Ermənistan 2020-2022-ci illər arasında yüksək səviyyədə bağlanmış üçtərəfli sazişlər kompleksinin həyata keçirilməsinə tezliklə qayıtmalıdırlar. Əminik ki, ərazi mübahisələri Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyalar çərçivəsində həll edilməlidir. Biz bu prosesə məsləhətçi qismində yardım göstərməyə hazırıq”, – XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, son günlər Ermənistan tərəfinin təxribatlara əl atması səbəbindən şərti sərhəddə vəziyyət gərginləşib. Ermənistan tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bir əsgəri yaralanıb.

Dövlət Sərhəd Xidmətinin buna cavab olaraq apardığı “Qisas” əməliyyatı nəticəsində Ermənistan ordusunun dörd hərbçisi məhv edilib, biri yaralanıb. (APA)

Əvvəlki məqalə

Əhalinin gəlirləri açıqlanıb

Sonrakı məqalə

Qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək