Sankt-Peterburq Rusiyada yanacaq böhranının yeni dalğasının episentrinə çevrilir. Şəhərdə yanacaqdoldurma məntəqələrində kilometrlərlə növbələr yaranıb, bəzi məntəqələrdə benzin tükənib, satışa sərt limitlər tətbiq olunur.
Sentyabrın 11-nə olan məlumata görə, növbəsiz benzin almağın mümkün olduğu yanacaqdoldurma məntəqələrinin sayı 40 faizdən aşağı düşüb. Halbuki avqust ayında bu göstərici təxminən 90 faiz idi. İqtisadçı Yanis Kluqenin təhlil etdiyi “QdeBenz” xidmətinin məlumatlarına görə, demək olar ki, hər iki yanacaqdoldurma məntəqəsindən birində ümumiyyətlə benzin olmayıb.
Sentyabrın 3-dən 9-dək vəziyyətin pisləşmə sürətinə görə Sankt-Peterburq Rusiyanın iri şəhərləri arasında ən pis göstəriciyə malik olub.
Benzin niyə qıtlaşdı?
Yanacağın yanacaqdoldurma məntəqələrində yoxa çıxması pilotsuz uçuş aparatlarının “Kinef” neft emalı zavoduna hücumundan bir neçə gün sonra başlayıb.
Reuters-in məlumatına görə, Rusiyanın şimal-qərbindəki ən böyük, ölkə üzrə isə emal gücünə görə ikinci böyük zavod olan “Kinef” ildə 2 milyon ton benzin və 7 milyon ton dizel yanacağı istehsal edir. Zavodun neft emalı qurğularının hər ikisi zədələnib və müəssisə avqustun 30-da istehsalı dayandırıb.
Kirşidə yerləşən zavod Sankt-Peterburqun əsas benzin tədarükçüsüdür. Hücumdan bir neçə gün sonra şəhərdə yanacaqdoldurma məntəqələrində növbələr yaranmağa başlayıb və fəaliyyət göstərən məntəqələrin payı azalıb.
Digər şəhərdə də eyni vəziyyət yaranıb
İqtisadçı Yanis Kluqenin sözlərinə görə, oxşar vəziyyət Nijni Novqorodda da müşahidə olunur.
Avqustun 26-da PUA hücumuna məruz qalan “Lukoyl”un “Nijni Novqorodnefteorqsintez” (NORSİ) zavodu neft emalını təcili dayandırıb. Nəticədə şəhərdə yanacaqdoldurma məntəqələrinin təxminən dörddə birində benzin qalmayıb.
Növbəsiz yanacaq almağın mümkün olduğu məntəqələrin payı isə 80 faizdən 50 faizə enib.
“Növbə kilometrlərlə uzanır”
Sankt-Peterburqda hazırkı yanacaq qıtlığının iyul ayında yaşanan əvvəlki böhran dalğasından daha ağır olduğu bildirilir.
“Fontanka”ya danışan şəhər taksilərinin sürücüləri vəziyyətin ciddi olduğunu deyiblər.
“Növbə kilometrlərlə uzanır”, – sürücülərdən biri bildirib.
Digər sürücünün sözlərinə görə, şəhərdə benzin var, lakin çox azdır və əsasən “Qazpromneft” və “Rosneft” yanacaqdoldurma məntəqələrində tapılır.
“Növbədə təxminən iki saat dayanmaq lazım gəlir”, – sürücü deyib.
Leninqrad vilayətinin iqtisadi inkişaf üzrə vitse-qubernatoru Yeqor Mişeryakov sentyabrın 10-da bildirib ki, yanacaqla bağlı vəziyyət iyul ssenarisini təkrarlayır. Onun sözlərinə görə, bir sıra yanacaqdoldurma məntəqələrinə yanacaq tədarükü azaldılıb və ayrı-ayrı məntəqələrdə fasilələr yarana bilər.
Mişeryakov problemin neft emalı müəssisələrinə hücumlar fonunda yaranan logistika pozuntuları ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, hakimiyyət yanacaq tədarükünün idarə edilməsini “əl rejiminə” keçirib.
Beləliklə, Rusiyanın bir sıra böyük şəhərlərində neft emalı zavodlarına PUA hücumlarının yanacaq bazarına təsiri getdikcə daha aydın görünür. Sankt-Peterburqda isə əsas tədarükçülərdən birinin fəaliyyətini dayandırması qıtlığı daha da dərinləşdirib.