Rusiyada insanların koronavirusdan peyvənd olunması üçün fevralın 1-dək keçid dövrü elan edilib.
Bu barədə Rusiya Baş nazirinin müavini Tatyana Qolikova məlumat verib. O bildirib ki, Rusiya əhalisinin yalnız 50 faizə yaxınında kollektiv immunitet mövcuddur. COVID-19 virusunun yayılması ilə bağlı vəziyyətin ölkədə mürəkkəb olaraq qaldığını vurğulayan T.Qolikova qeyd edib ki, reanimasiyaya düşən və ya koronavirusdan dünyasını dəyişən vətəndaşların əksəriyyəti peyvənd olunmamış insanlardır.
Rusiya hökuməti nəqliyyatda və ictimai yerlərdə QR kodlardan istifadə olunması barədə qanun layihəsini Dövlət Dumasına təqdim edib. Gələn il fevralın 1-dək həmin yerlərdən koronavirus testlərinin mənfi nəticələrini təqdim etməklə istifadə etmək mümkün olacaq. Fevralın 1-dən iyunun 1-dək isə yalnız QR kodlar keçərli olacaq.