Rusiyada niyə insanlar küçəyə çıxır? –Putinin xalqla bağladığı “ictimai müqavilə” qüvvədən düşür (TƏHLİL)  

Şəhər nə qədər böyük, nə qədər güclü olursa olsun, onun hakimiyyət orqanlarına seçkilər adətən beynəlxalq marağa səbəb olmur. Lakin sentyabrın 8-i Rusiyada baş tutan və kremlyönlü namizədlərin uğursuzluqla üzləşdiyi seçkilər fərqlidir. Bunun da bir neçə səbəbi var.

Azpost.info bildirir ki, “Forbes” jurnalının iqtisadi icmalçısı Ceyms Rocers (James Rogers) həmin səbəblərə aydınlıq gətirir.

Vladimir putinin hakimiyyətdə olduğu 20 il ərzində belə bir razılıq mövcud olub: xalq siyasi azadlıqlarının məhdudlaşdırılması ilə barışır, iqtidar isə əvəzində onu yaxşı həyat şəraiti ilə təmin edir.

Məqalə müəllifi hesab edir ki, kommunizmin iflası ilə birlikdə sabahkı gündən əminliyin də yox olduğu, milyonlarla insanın növbəti əmək haqqına kimi birtəhər dolanmağa çalışdığı ölkədə belə bir saziş əldə etmək elə də çətin olmayıb.

Sentyabrın 8-i Moskva Şəhər Dumasına deputatlar, başqa regionlarda isə qubernatorlar seçilib. Hakim “Vahid Rusiya” partiyası Moskva şəhər şurasında nəzarəti saxlaya bilsə də, yerlərdən üçdə birini itirib.

“Belə də olmalı idi. Xüsusən, hökumətin müxalifətçi namizədləri qeydiyyatdan keçirmək istəməməsindən sonra. Bu da son on ildə paytaxtda ən böyük küçə nümayişinə səbəb olub. Mətbuatın məlumatına əsasən, avqustun 10-u etiraz aksiyalarında 50 min nəfər iştirak edib”, – məqalədə deyilir.

Bir həftə öncə iqtidar analoji nümayişə icazə verməyib. Polis yüzlərlə iştirakçını saxlayıb. Hərçənd tezliklə çoxunu buraxıb.

Niyə insanlar küçəyə çıxır? Rusiyada rəhbər olaraq yalnız bir şəxsi – Putini tanıyan gənc nəsil böyük siyasi seçim əldə etmək istəyir.

“Vahid Rusiya” partiyası ilə işbirliyinə getməyən namizədlərə səs verilməsini nəzərdə tutan “ağıllı səsvermə” sistemini təklif edən müxalifət lideri Aleksey Navalnıdan həvəsə gələn gənclər Kremli düşünməyə məcbur edəcək nəticənin əldə olunmasına kömək ediblər.

İndi bunu nəzərə almaq lazımdır. Moskva Şəhər Dumasına seçkilər bütün Rusiya üçün göstərici deyil. Digər regionlarda kremlyönlü namizədlər ümumilikdə yaxşı nəticəyə imza atıblar. Paytaxtda seçici fəallığı cəmi 22% təşkil edib.

Bununla belə, jurnalistin fikrincə, səsvermə vacibdir və daha uzunmüddətli tendensiyaya işarə edə bilər. Aralıq seçkilərdə istənilən siyasi lider məğlubiyyətə uğraya bilər, amma adətən Putinin başına belə işlər gəlmir.

Həyat səviyyəsinin aşağı düşməsi və 2018-ci ildə pensiya islahatlarına qarşı etirazlar Rusiya prezidentinin populyarlığına daha ciddi təhlükə kəsb edir.

Putinin məğlubiyyətə uğramasına hələ çox var. Onun siyasi təcrübəsini və sağlamlığını lazımınca qiymətləndirməmək yanlış addım olardı.

İqtisadi durumundan narazı olanlar siyasi nümayişə qoşulduğu təqdirdə, Kreml əsl problemlə üzləşə bilər. Belə olduğu halda, Rusiyada artıq 20 ildir fəaliyyət göstərən hakimiyyətin həqiqətən sonu gələ bilər. (Xpressa.net)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Fotoxronika”: Tahir Salahovun 50 il gizlədilmiş əsəri –

Sonrakı məqalə

Daxili İşlər Nazirliyi Tovuzda baş vermiş qətllə bağlı rəsmi məlumat yaydı