Rusiyanın qoyduğu sanksiyalar Avropa Parlamentini qəzəbləndirib:

"Bu, cavabsız qala bilməz"
01 May 2021 - 09:22

“Avropa Parlamentinin rəhbəri David Sassoli və Avropa Komissiyası sədr müavini Vera Yurovaya qarşı Rusiyanın elan etdiyi sanksiyalar cavabsız qala bilməz”.

RİA Novosti xəbər verir ki, bu barədə “Renew Europe” liberal fraksiyasının lideri Daçian Çoloş “Twitter” səhifəsində yazıb.

“Bu, cavabsız qala bilməz. Avropa Parlamenti bu həftə Avropa İttifaqının insan haqları pozuntularına görə sanksiyalarının genişləndirilməli olduğunu açıqlayıb”, deyə Çoloş əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Avropa İttifaqının 8 vətəndaşına və qurumun rəsmi strukturunun nümayəndələrinə ölkəyə girişi qadağan edib. Moskvanın sanksiyalar siyahısında Avropa Parlamentinin rəhbəri David Sassoli, Avropa Komissiyası sədr müavini Vera Yurova da daxil edilib.