Rüşvətə görə həbs edilən bələdiyyə sədri və icra nümayəndəsinin məhkəməsi başlayır

07 Noyabr 2020 - 11:41

Saxta sənədlərlə torpaq sahəsinin icarəyə verilməsi müqabilində vətəndaşdan pul tələb edən Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Sahib Xəlilov, Zərdab rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Rahib Xəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

Qeyd edək ki, Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Xəlilov Sahib Osman oğlu və Zərdab rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Xəlilov Rahib Yediyar oğlunun bələdiyyəyə məxsus 74 hektar torpaq sahəsini tərtib etdikləri 2007-ci il tarixli saxta icarə müqaviləsi əsasında 25 il müddətinə (2007-ci il tarixdən 2032-ci il tarixədək) icarəyə verilməsi müqabilində vətəndaşdan 10 min manat pul vəsaitini rüşvət qismində istəmələri barədə müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Operativ əməliyyat-axtarış tədbirləri ilə Sahib Xəlilov və Rahib Xəlilovun qeyd edilən 10 min manat məbləğinin 500 manatını 18.07.2020-ci il tarixdə tanışlarının adına olan “Kapital bank” ASC-yə məxsus plastik karta yüklənməsinə nail olmaqla, habelə, qalan məbləğin 1.500 manatını isə 22.07.2020-ci il tarixdə Zərdab rayonu, Aşağı Seyidlər kəndində almaları təsbit edilmiş, həmin şəxslər 28 iyul 2020-ci il tarixdə vətəndaşdan tələb etdikləri məbləğin 5 min manatını Zərdab rayonu ərazisində yerləşən kafelərdən birində alarkən cinayət başında yaxalanıblar. Xəlilov Sahib Osman oğlu və Xəlilov Rahib Yediyar oğlunun cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən sonuncular 28 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulublar.