Şəhidlərin tələbə övladları Milli Məclisdə olublar- FOTO

Noyabrın 6-da Milli Məclisin Gənclər və idman komitəsində şəhid övladı olan tələbələrlə görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə komitə sədri Şahin İsmayılov ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişlərinə əsasən dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyini deyib. Qeyd olunub ki, bu dövlət siyasətinə uyğun olaraq Milli Məclis də şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlanır. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan parlamentində şəhid ailə üzvü və qazilər işlə təmin olunublar. Şanlı Zəfərdə şəhidlərin fədakarlığını vurğulayan çıxışçı onların milli hərb və qəhrəmanlıq tariximizə yazdıqları şanlı səhifələrin xalqımızın qürur mənbəyi olmasından danışıb.

Ş.İsmayılov söhbət əsnasında şəhid övladı olan tələbələrin təhsili, tədrisi, tələbəlik qayğıları ilə maraqlanıb, onlara karyera planları ilə bağlı tövsiyələrini bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə komitə sədrinin müavini Könül Nurullayeva, komitə üzvləri Ülvi Quliyev, Asif Əsgərov, Müşfiq Cəfərov, Anar Məmmədov və Mircəlil Qasımlı çıxış ediblər. Onlar bildiriblər ki, Vətən müharibəsində şanlı Zəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsi və sərkərdəlik məharəti, əsgər və zabitlərimizin döyüş əzmi və fədakarlıqları, xalqımızın “dəmir yumruğa” çevrilmiş milli birliyi nəticəsində qazanılıb. Vurğulanıb ki, torpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması naminə canından keçmiş şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyi və fədakarlığı heç zaman unudulmayacaq.

Görüşdən sonra şəhid övladı olan tələbələr parlamentin inzibati binası ilə tanış olublar.

Milli Məclisin foyesində Zəfər guşəsi ilə tanış olan tələbələrə bildirilib ki, guşədə Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin adları həkk olunub.

Sonra Heydər Əliyev xatirə zalı ilə tanışlıq zamanı Ümummilli Liderin gələcək nəsillərə örnək olan həyat yolunu, siyasi, dövlətçilik fəaliyyətini əks etdirən eksponatlar haqqında gənclərə məlumat verilib. Plenar iclas zalında isə tələbələrə Milli Məclisin plenar iclaslarının keçirilməsindən, deputatların fəaliyyəti üçün yaradılmış iş şəraitindən bəhs edilib.

Sonda tələbələrlə xatirə şəkli çəkilib.

Əvvəlki məqalə

YAP-ın Xətai və Nərimanov rayon təşkilatlarına yeni sədrlər təyin olunub

Sonrakı məqalə

“Azəriqaz” COP 29-la əlaqədar gücləndirilmiş iş rejiminə keçib