Səudiyyə Ərəbistanının vəliəhdi və baş nazir Məhəmməd bin Salman Əl Səud ABŞ prezidenti Co Baydeni hədələyib.
Azpost.info bildirir ki, “The Washington Post” bu barədə informasiyanı sosial mediaya sızmış ABŞ-ın məxfi sənədlərindəki məlumatlarda aşkar edib.
Sızan sənədlərdə qeyd olunur ki, Səudiyyə Ərəbistanının vəliəhdi və baş nazir Məhəmməd bin Salman Əl Səud ötən ilin payızında Krallığın neft hasilatını azaltmaq qərarı ilə bağlı Baydenin sözlərinə cavab olaraq onu ABŞ ilə əlaqələri kəsməklə və sərt iqtisadi tədbirlər görməklə hədələyib.
Vəliəhd bu təhdidləri ABŞ liderinin bəyanatından sonra şəxsi söhbətində edib. Məhəmməd bin Salman Vaşinqtonun Krallığın neftin ixtisarı ilə bağlı qərarına qarşı cavab olaraq hərəkətə keçəcəyi təqdirdə ABŞ-Səudiyyə münasibətlərini kökündən dəyişdirəcəyi ilə hədələyib.
Qəzet məxfi sənədlərə istinadla yazır ki, vəliəhd şahzadə daha ABŞ administrasiyası ilə heç bir əlaqə saxlamayacağını deyib və belə bir halın Vaşinqton üçün böyük iqtisadi nəticələri olacağını bildirib.
Nəşr xatırladıb ki, ötən səkkiz ayda Bayden Ər-Riyada qarşı heç bir tədbir görməyib. Məhəmməd bin Salmanın Amerika administrasiyasının yüksək rütbəli nümayəndələri ilə görüşləri davam edir. Belə ki, iyunun 7-də Ciddədə o, ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlar aparıb.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü nəşrə deyib ki, administrasiya Səudiyyə Ərəbistanından gələn bu cür təhdidlərdən xəbərsizdir. “Birləşmiş Ştatlar regionda mühüm tərəfdaş olan Səudiyyə Ərəbistanı ilə ümumi maraqları və daha təhlükəsiz, sabit və çiçəklənən region üçün birgə işləməyə davam edir”, – deyə rəsmi əlavə edib.
Səudiyyə OPEC+ sazişində iştirak edən ölkələrlə birgə 2022-ci ilin payızında neft hasilatını azaltmaq barədə razılığa gəlməsindən sonra Bayden administrasiyası Krallıq ilə münasibətlərə yenidən baxacağına söz vermişdi.
ABŞ səlahiyyətliləri o zaman Səudiyyə Ərəbistanının enerji siyasətini Rusiya ilə koordinasiya etməkdə ittiham edib. 2019-cu ildə ABŞ prezidentliyinə o zamankı namizəd Bayden Krallığı beynəlxalq səhnədən təcrid edəcəyinə söz vermişdi.
Azpost.info
