ŞƏRQİN SƏHƏRİ –Bakının azad edilməsinin şanlı tarixi

Bakının azad edilməsi Azərbaycan Xalq Cumhuriyyətinin ən uğurlu siyasi gedişlərindən və ölkənin bütövlüyünü təsdiq edən ən vacib addımlardan idi. Türk ordusunun bu məsələdə AXC-yə köməyi misilsiz oldu, Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin yaradılması və inkişafında bir təməl daşına çevrildi.

Lakin Bakının azad edilməsi 1918-ci il siyasi xaosunun pəncəsində çapalayan Azərbaycan üçün heç də asan olmadı. Vladimir Leninin qurduğu Sovet Rusiyası inqilabın ilk illərində “xalqlar həbsxanası” adlandırdığı çar imperiyasının bütün subyektlərinə öz müqəddəratını təyinetmə hüququ vəd etmişdisə də, sonradan bunu ustalıqla dəbbələyə bildi. Rusiya Azərbaycanı və onun ürəyi olan Bakını heç bir vəchlə əldən buraxmaq istəmirdi. Çar imperiyasının süqutundan sonra Cənubi Qafqazda yaranmış siyasi xaosdan ustalıqla yararlanan sovet rejimi insanların kütləvi qətlinə qədər hər vasitədən istifadə edirdi. Amma 1918-ci ildə Leninin cəhdləri boşa çıxdı.

Həmin ilin 15 sentyabrına qədər çox mürəkkəb proseslər getmişdi. Bunu tarixi sənədlər də təsdiq edir. Həmin sənədlərlə tanış olduqda o zaman Azərbaycanın başı üzərində necə dəhşətli bir kabusun dolaşdığının və bu ölkənin sərvətləri uğrunda necə amansız mübarizə getdiyinin şahidi olursan. Nəyin bahasına olur-olsun Bakını ələ keçirmək və onun neftinə sahib çıxmaq istəyən Rusiya məqsədinə çatmaq üçün çoxsaylı siyasi avantüralara əl atmışdı.

 

Bakı Soveti nə istəyirdi?

Leninin Qafqazdakı canişini, fövqəladə komissar səlahiyyətli Stepan Şaumyan və onun rəhbərlik etdiyi Bakı Soveti cidd-cəhdlə Azərbaycanın müstəqilliyinə mane olmağa çalışırdı. Bakıda Rusiyanın xeyir-duası ilə baş verən hadisələrdə başlıca məqsəd Bakını ölkənin digər hissələrindən ayırmaq və bununla da Azərbaycanı paytaxtsız qoymaqla onun bütünlüyünə imkan verməmək idi. Azərbaycanlılar bolşevikləri dəstəkləmirdi, ölkənin istər ziyalı, istərsə də sadə vətəndaşları arasında milli özünüidarə ideyası daha populyar idi. Təsadüfi deyil ki, 1917-ci il noyabrın 2-də Bakıda Şaumyanın ali hakimiyyət orqanı elan etdiyi Bakı Sovetinin əsas arxalandığı qüvvə yerli vətəndaşlar yox, Bakıda yerləşən rus hərbi qarnizonu idi.

Həmin dövrün siyasi proseslərində azərbaycanlılar arxa plana atılmışdı, ölkənin yiyəsi olan Azərbaycan əhalisi rusların, ermənilərin və digər gəlmələrin hakimiyyət uğrunda mübarizəsindən kənarda saxlanılırdı. Onların adı belə çəkilmir, bir sıra müraciətlərdə isə sadəcə “müsəlman əhalisi kimi” qeyd edilirdi. Məsələn, 1918-ci ildə Balaxanıdakı fəhlə yığıncağında qəbul edilən müraciət “Müsəlman, ləzgi, gürcü və erməni fəhlələrinə” sözləriylə başlayırdı.

Bolşeviklər Azərbaycan qəzalarındakı soyğunçu dəstələrə dəstək verir (Qatır Məmməd kimi) və ölkədə vətəndaş qarşıdurması yaratmağa çalışırdılar. “Bəylərə-xanlara qarşı mübarizə” adı altında yön verilən bu çaxnaşmalar azərbaycanlılar arasında əmlak çəkişmələri yaradır və bu təbəqələrin birgə hərəkət etməsinə mane olurdu. Şaumyan 1918-ci idə müsəlman əhaliyə fitnəkar müraciətində deyirdi ki, “çalışın üsyanınız ümumi olsun. Hər yerdə müsəlman kəndlilər bəylərinin torpaqlarını mütəşəkkil sürətdə zəbt etsinlər”.

1918-ci ildə Tovuzdan mülkədar İsgəndərbəyovun Zaqafqaziya Komissarlığına göndərdiyi teleqramda bildirirdi ki, “Zülqədərovlar, Qarabəyovlar ailəsi qılıncdan keçirilib, qalan mülkədarlar mühasirəyə alınıb. Zəyəmdə və Qovlarda bütün əmlakımıza od vurulub”. Bu siyasət Rusiya tərəfindən açıq dəstəklənirdi. 1918-ci il fevralın 14-də Leninin Şaumyana göndərdiyi teleqram bu baxımdan əhəmiyyətlidir. Lenin yazırdı ki, “Sizin qəti siyasətiniz bizi çox sevindirir. Bacarıb həmin siyasəti indiki çox çətin vəziyyətin tələb etdiyi çox ehtiyatlı bir diplomatiya ilə birləşdirin”.

Bu “diplomatik” tövsiyənin fəsadları özünü çox gözlətmədi. Bakıdakı mart qırğını, Bakı Sovetinin erməni daşnak hərbi birləşmələri ilə birgə hərəkət planı və Bakı neftinin Rusiyaya ötürülməsi kimi hadisələr üçün bu teleqram razılıq aktı oldu.

Amma Cənubi Qafqazdan Rusiya Müəssislər Məclisinə seçilmiş deputatların 1917-ci ilin noyabrında yaratdıqları Zaqafqaziya Komissarlığı Bakı Sovetini möhkəm qəzəbləndirdi, çünki bu deputatlar Qafqazın gələcək taleyini müəyyənləşdirəcək bir gücə çevrilə bilərdilər və Qafqaz xalqlarının Milli şuraları, azərbaycanlılardan ibarət milli polklar da məhz bu zamandan etibarən formalaşmağa başlamışdı. Bu, bolşevikləri qıcıqlandırırdı. Bakı Sovetinə anarxiya və siyasi xaos lazımıydı.

 

Mart qırğını – düşünülmüş soyqırımı!

1918-ci ilin mart qırğını Bakı Sovetinin xain avantürası idi. Bakıda və Azərbaycanın digər yerlərində milli hisslərin sürətlə artması, azərbaycanlıların öz ölkələrinə sahib çıxmaq istəyinin ön plana çıxması bolşevikləri çıxılmaz vəziyyətə salırdı. Onlar buna yol verməməyi qərara almış, yaranmaqda olan milli kimlik və dövlətçilik xəttini nəyin bahasına olursa-olsun dağıtmaq və şəhəri birbaşa Rusiyaya tabe etdirmək xətti tutmuşdular. 1918-ci ilin martın 15-də, Bakı Sovetinin iclasında “Zaqafqaziyada işlərin vəziyyəti haqqında” məruzəsində Şaumyan həyasız bir soyuqqanlılıqla deyirdi ki, “Bakı Soveti Rusiya Xalq Komissarları Sovetinin açıq elan etmiş olduğu VƏTƏNDAŞ MÜHARİBƏSİNİN Zaqafqaziyada başlıca dayağı və mərkəzi olmalıdır”.
“Dikaya Divizaya”nın tərksilah eidilməsi mart qırğınları üçün bəhanə oldu – bolşeviklər təxribata əl atmaqla bu faciə üçün zəmin qazandılar.

Mart qırğınından sonra Rusiya Xalq Komissarları Sovetinə göndərdiyi məktubda Şaumyan yazırdı ki, “Bakıda sovet hakimiyyəti müsəlman millətçi partiyalarının müqaviməti nəticəsində daim HAVADAN ASILI VƏZİYYƏTDƏ İDİ… Onların qələbəsi Zaqafqaziyanın Rusiya üçün itirilməsi demək olardı… Buna görə də bizim süvari dəstəmizin üzərinə ilk silahlı basqın cəhdindən istifadə edib bütün cəbhə boyu hücuma başladıq”.

Bu etiraf dəhşətli bir siyasətin konturlarını açır. Rusiyaya azərbaycanlı olmayan Bakı lazım idi, çünki “sovet hakimiyyəti qurmaq” adı altında Azərbaycan bölgələrinə gedən bolşevik güruhu yerli əhalidən dəstək görmürdü. Onlar başqa millətlərin köməyi ilə oyuncaq “sovet hakimiyyəti” elan etməyə məcbur olurdular. Qubadakı Muğan Sovet Respublikası avantürası məhz rusların və ermənilərin əli ilə ortaya atılmışdı.

“Beynəlmiləlçi və ideyalı kommunist” Şaumyan öz məqsədinə çatmaq üçün sinfi düşmən elan olunmuş daşnaklarla razılaşma imzalamaqdan belə utanmamışdı. Bakıda azərbaycanlı əhalinin cəzalandırılması məhz daşnakların əli ilə həyata keçirilirdi. Vəziyyət o qədər qəliz idi ki, Bakı Sovetini dəstəkləyən Müsəlman Sosialist Partiyaları Bürosu təcili olaraq Erməni Milli Komitəsini buraxmağa, bu komitəyə tabe olan silahlı qoşunları Bakıdan çıxarmağa çağırırdı. Vəziyyətin böhran həddinə çatdığını anlayan Şaumyan, Leninin tövsiyə etdiyi kimi, “diplomatiya” oyunu qurdu. 1918-ci ilin aprelin 20-də İnqilabı Müdafiə Komitəsi yaradıb ermənilərin komitəsini ləğv etməyi təklif etdi. Amma bütün bunlar gözdən pərdə asmaq üçün idi – bu qurum da, erməni qoşunları da sona qədər Bakıda fəaliyyət göstərdilər. Məşum mart soyqırımında onlar öz qanlı missiyalarını məharətlə yerinə yetirdilər. 100 minlərlə soydaşımız mart soyqırımının qurbanı oldu.

 

Bakı Sovetinin neft ehtirasi

Bakının xilas edilməsini vacib edən digər əsas məqam ölkənin strateji sərvətinin yad əllərdə qalması idi. Azərbaycanın milli qüvvələri milli sərvətimiz olan neftin amansızcasına talan edilməsinə biganə qala bilməzdilər.

1918-ci il aprelin 25-də yaradılan Bakı Xalq Komissarları Sovetinin əsas məramlarından biri Rusiyanı havayı Azərbaycan nefti ilə təmin etmək idi. Daha əvvəl isə (1918-ci ilin martında) Rusiya Xalq Komissarları Soveti neft sənayesini milliləşdirmək proqramını qəbul etmiş və Ali Xalq Təsərrüfatı Şurası Yanında Baş Neft Komitəsi təsis etmişdi. Bu “qardaş” ölkə ona aid olmayan Azərbaycanın neft ehtiyatlarına həyasızlıqla müdaxilə edərək ehtiyatları öz mülkiyyəti elan edirdi. Məsələn, komitəyə bütün neft sənayesinə nəzarət etmək, ayrı-ayrı şəxslərin əlində olan nefti Sovet dövlətinin mülkiyyətinə keçirmək həvalə olunmuşdu.

Neft sənayesini milliləşdirmək haqqında dekretdən sonra Bakı Soveti Azərbaycanın halal malı olan “qara qızılı” Rusiyaya peşkəş etdi və elan etdi ki, “Bakı neft sənayesi ümumrusiya xalqının malı oldu”.

Lenin Bakı neftinin Rusiya üçün həyati əhəmiyyət daşıdığını deyir və komissarlardan onun daşınmasının təşkilini tələb edirdi. 1918-ci mayında Bakıya onun belə bir göstərişi gəldi: “Birinci növbədə və hökmən neft çıxarılması işi təmin edilməlidir…”. Leninin cümlələrindəki əmr tonuna fikir verirsinizmi? Bakıda aclıq hökm sürür, siyasi çaxnaşmalar baş verir, yüz minlərlə insan siyasi avantüralara qurban gedir, amma bütün bunlar “proletariatın dahi rəhbərinin” vecinə deyil, o, neft istəyir!

1918-ci il mayın 23-də göndərdiyi teleqramda Lenin öz neft ehtirasını daha qabarıq göstərir: “…Lap çoxlu miqdarda neft çıxarılması işi birinci növbədə və DANIŞIQSIZ təmin edilsin”.

Bolşevik liderinin hökmüylə Rusiya Ali Xalq Təsərrüfatı Şurası 1918-ci il iyunun 2-də Bakıya sərəncam göndərir (Bu vaxt Azərbaycan Cümhuriyyəti artıq qurulmuş və ölkə sərvətlərinin qanuni sahibi elan olunmuşdu, amma yoldaş Lenin sanki kardır!), əmr edir ki, “…Bağlanmış mədənlər dərhal bərpa edilsin. Keçmişdə istismar olunan quyuların hamısı işə salınsın, neft və neft məhsulları dərhal göndərilsin!” Heç bir diplomatik etiket gözlənilmir!

Faktlar kədərlidir: 1918-ci ilin yazında və yayında Bakıdan Rusiyaya 4 milyon 300 min ton neft və neft məhsulları göndərilib. Havayı!

Ümumilikdə Bakı Sovetinin fəaliyyəti dövründə Rusiyaya 80 milyon pud neft aparılıb. Bu talan ərzaq böhranı yaşayan Bakıda baş verib. Azərbaycana pul ödəmək barədə düşünən belə olmayıb, əvəzində Stalin Şaumyana Hacıqabul cəbhəsini möhkəmlətməyi tapşırıb…

 

Bakının azad edilməsi

Bakının azad edilməsi AXC üçün həyati məsələydi. Bakı olmadan dövlət siyasəti yürütmək və ölkənin bütövlüyünü təmin etmək mümkün deyildi. AXC rəhbərləri başa düşürdülər ki, bu məsələdə Rusiya ilə üz-üzə gələcəklər və onlara güclü bir müttəfiq lazımdır və belə müttəfiq ancaq Türkiyədir. Azərbaycanın müstəqil bir dövlət kimi dünya arenasına çıxmasına məhz Türkiyə yardım edə bilərdi. Belə də oldu.

1918-ci ilin yazından başlayaraq Türk İslam Ordusu Cənubi Qafqaz istiqamətində irəliləməyə başladı. Aprelin 14-də türklər Batumu tutdular. Bu ərəfədə Zaqafqaziya Seymi Cənubi Qafqazı müstəqil demokratik federativ respublika elan etdi və Sovet Rusiyasından ayrılmaq barədə qərar çıxardı. Bir qədər sonra isə Azərbaycan Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan etdi. 1918-ci mayın 11-də isə Batum sülh konfransı başladı. Burada Türkiyəni ədliyyə naziri Xəlil bəy və Zaqafqaziya hökumətinin nümayəndəsi kimi Məhəmməd Əmin Rəsulzadə iştirak edirdi. Rusiyanın nümayəndələrini isə tədbirə buraxmadılar.

RSFSR həyasızcasına bəyan etdi ki, Zaqafqaziyada baş verənlər onun daxili işidir və heç kəsin bu məsələyə qarışmağa ixtiyarı yoxdur. Amma Rusiyanın bu tələbi rədd edildi. Xəlil bəy türk qoşunlarının Bakıya girməsini Bakı və Qafqaz müsəlmanlarının xilası üçün zəruri şərt olaraq əsaslandırdı: “Yüz minlərlə türk və müsəlman Bakıda və onun ətrafında inqilabçılar adlanan qəddar quldurların qanlı əsarəti altında əzab çəkir və bu qarşısıalınmaz fəlakət həmin bədbəxtləri hədələyərək getdikcə labüd şəkil alır. Qafqazın türk və müsəlman əhalisinin müqəddəratı ən ciddi diqqətə layiqdir”.

Beləliklə, Bakının azad edilməsi labüd xarakter aldı və oyuncaq Bakı Soveti artıq bunun qarşısında dayanmaq imkanında deyildi. Şaumyan Gəncəyə hücum etməklə bağlı plan hazırlasa da, bunu həyata keçirə bilmədi. Çünki siyasi şərait artıq dəyişmişdi. Türklərin sürətli hücumu hamını sarsıtmışdı. May ayında general Nuru paşa başda olmaqla Türkiyə ordusunun ilk dəstəsi Təbriz-Qarabağ-Yevlax istiqamətində hərəkət edərək Gəncəyə daxil olmuşdu. Qorxuya düşən ermənilər Yevlax stansiyasında Nuru paşanı duz-çörəklə qarşılamalı olmuşdular. Bundan az sonra 7 minlik türk ordusu Gəncəyə gəldi.

Batum-Qarakilsə-Qazax-Gəncə istiqamətində hərəkət edən 5-ci türk diviziyası isə iyunun 5-də Gəncəyə daxil oldu. İyunun əvvəlində 2-ci türk piyada polku Ağstafaya, 9-cu türk piyada polku isə Qazaxa daxil oldu. Türk qoşunlarının digər hissələri iyun ayında Naxçıvanda qərar tutdular. Bununla da Batumda əldə olunmuş razılığa əsasən türk ordusu Azərbaycanın əksər hissələrində yerləşdi. Tezliklə türk qoşun hissələri Hacıqabul cəbhəsində Bakı Sovetinin silahlı dəstələri ilə döyüşən müsavatçıların köməyinə çatdılar və iyunun 12-14-də Yevlaxdan keçərək Bakı üzərinə hücuma keçdilər.

Rusiya fəal şəkildə Bakı Sovetini dəstəkləyir və hər vəchlə Bakını qoruyub saxlamağa çalışırdı. Həmin günlərdə Lenin şəhərə 4 zirehli avtomobil, 13 təyyarə göndərmişdi. Bundan başqa, Petrov başda olmaqla böyük bir hərbi dəstə də Bakıya gəlib çıxmışdı. Stalin Şaumyana teleqram vurub bildirmişdi ki, daha böyük dəstə artıq Saritsından çıxıb və tezliklə Bakıya çatacaq.

Belə mürəkkəb bir şəraitdə vaxt itkisinə imkan vermək olmazdı. Bakı Sovetinin bütün ciddi-cəhdlərinə baxmayaraq türk və Müsavat hərbi birləşmələri Göyçayda düşməni darmadağın edib Bakı yolunu açdılar. Şaumyan Bakıdakı müsəlman əhalisi üçün səfərbərlik elan etdi. Halbuki bundan əvvəl azərbaycanlılara silah etibar etmirdilər. İndi isə onlar qardaşı qardaşla üz-üzə qoymaq, Rusiyadan vəd olunan yardım gələnə qədər vaxt udmaq istəyirdilər. Lakin səfərbərlik haqqında əmri icra etmək mümkün olmadı, azərbaycanlıları bir-birinə qırdırmaq taktikası baş tutmadı.

Bakı Soveti İrandakı rus qoşunun rəhbəri general Biçeraxovla danışıqlara getdi. Bu həmin Biçeraxovdur ki, Lənkəran əhalisi onun əmri və rəhbərliyi ilə qanına qəltan olunmuşdu. Bu addım Bakı Sovetinin anti-Azərbaycan mahiyyətini bir daha otraya qoyur.

Bizə 70 il ərzində sırınan “mətin komisaralar” nağılının arxasında məhz “parçala və hökm sür” siyasəti durmuşdu. Halbuki bu “nağıl” 1918-ci ilin mayında sona çatmışdı – Şaumyan başda olmaqla onların bir neçəsi Hindistana qaçmış, yerdə qalanları isə öz avantüralarına qurban getmişdilər.

…Sentyabrın 15-də Bakı azad edildi. Azərbaycan hökuməti paytaxta yerləşdi. Şərqdə ilk parlamentli respublikanın qısa, lakin parlaq tarixi başladı. Bu tarix özünün şanlı ənənələri və əməlləri ilə Azərbaycanın səsini dünyaya çatdıra bildi. Bu tarix Azərbaycanı yalnız Rusiyanın qucağında görmək istəyənlərə bir görk oldu. Böyük Məhəmmədəmin Rəsulzadə demişkən, onlar “millətə azacıq da olsa istiqlal dadızdıra” bildilər. Bu istiqlal təşnəsi isə sonradan qurulacaq Sovet Azərbaycanında yeni istiqlal mübarizəsi üçün əbədi dirilik suyuna çevrildi.

…Bakı uğrunda döyüşlərdə həlak olmuş türklər bu torpaqda rahat uyumağı, şərəflə, fəxrlə və qürurla anılmağı haqq etmiş mərd şəhidlərimizdir.

Xaqani SƏFƏROĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran səfirliyi yük maşınlarının saxlanmasına reaksiya verdi-

Sonrakı məqalə

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov həbsdən buraxılıb