Sərxoşlar eybəcəri gözəl görmür –Alimlər illərin mifini dağıtdılar

Uzun illərdir alkoqol qəbul etdikdən sonra insanların ətrafdakıları daha cazibədar gördüyü düşünülürdü. Lakin yeni elmi araşdırma bu fikrin doğru olmadığını göstərib.

Araşdırmanın nəticələri “Studies on Alcohol and Drugs” jurnalında dərc olunub.

Tədqiqatçılar müəyyən etmək istəyiblər ki, alkoqol həqiqətən insanların xarici görünüşünü qəbul etmə tərzini dəyişirmi. Bunun üçün iştirakçılara həm alkoqollu, həm də alkoqolsuz içki qəbul etdikdən sonra müxtəlif insanların foto və videoları göstərilib və onların cəlbediciliyini qiymətləndirmək istənilib.

Nəticələr göstərib ki, alkoqol qəbul edən kişilər insanların xarici görünüşünü ayıq olduqları vaxtla demək olar ki, eyni qiymətləndiriblər. Yəni bir neçə qədəh içmək qarşıdakı insanı daha gözəl göstərməyib.

Lakin eksperimentin növbəti mərhələsində maraqlı fərq ortaya çıxıb. İştirakçılardan real həyatda tanış olmaq istədikləri insanları seçmək xahiş olunub. Alkoqol qəbul edən kişilər cəlbedici hesab etdikləri insanlarla tanış olmağa daha çox meyl göstəriblər.

Alimlərin fikrincə, məşhur “pivə eynəyi” effekti insanların görmə qabiliyyətinin dəyişməsi ilə deyil, davranışlarının dəyişməsi ilə bağlıdır.

Araşdırmaya görə, alkoqol sosial maneələri zəiflədir, rədd edilmək qorxusunu azaldır və insanın özünəinamını artıraraq ilk addımı atmasını asanlaşdırır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.