Uşaqlar yalnız onlara birbaşa deyilənləri deyil, böyüklərin yanlarında etdiyi söhbətləri də mənimsəyirlər. Hətta elə görünə bilər ki, onlar qulaq asmırlar, amma eşitdiklərini yadda saxlayırlar. Bu səbəbdən valideynlərin uşaqların yanında hansı mövzuları müzakirə etməməli olduqları xüsusi əhəmiyyət daşıyır.
Bu barədə HuffPost nəşrinə danışan klinik psixoloq, “Sakit valideynlər, xoşbəxt uşaqlar” kitablar seriyasının müəllifi Laura Markhem məlumat verib.
Uşaqların yanında danışılmamalı 5 mövzu
1. Başqalarının xarici görünüşünü tənqid etmək
Ailə terapevti Brayan Billaps Hyuz bildirir ki, uşaqlar xüsusilə insanların görünüşü ilə bağlı mənfi fikirləri tez mənimsəyirlər. Bu isə onların özünəinamına və bədənlərinə münasibətinə mənfi təsir göstərə bilər.
Mütəxəssisin sözlərinə görə, uşaqlar tez-tez belə tənqidləri eşitdikdə, gələcəkdə öz görünüşlərinə qarşı həddindən artıq tənqidi yanaşmağa başlayırlar.
2. Digər valideyn haqqında pis danışmaq
Uşağın yanında digər valideyni tənqid etmək məsləhət görülmür. Bu cür söhbətlər uşağı tərəf seçməyə məcbur edə, onda daxili gərginlik və narahatlıq yarada bilər. Nəticədə onun digər valideynlə münasibətləri də zərər görə bilər.
3. Bacı-qardaşları müqayisə etmək
Laura Markhemin fikrincə, uşaqları bir-biri ilə müqayisə etmək rəqabət və qısqanclıq hissini gücləndirir.
Məsələn, “Sən qardaşın kimi problem yaratmırsan” kimi ifadələr uşağa daim “ideal” olmağa məcbur olduğu hissini aşılayır və özünəinamına mənfi təsir edir.
4. Maddi problemləri müzakirə etmək
Psixoloq Enn-Luiza Lokhart qeyd edir ki, maliyyə çətinlikləri ilə bağlı söhbətlər uşaqlarda qorxu və qeyri-müəyyənlik hissi yarada bilər.
Onun sözlərinə görə, uşaqlar maliyyə problemlərinin mahiyyətini tam anlamadıqları üçün vəziyyəti olduğundan daha təhlükəli qəbul edə bilərlər.
Mütəxəssis tövsiyə edir ki, belə hallarda “Biz xərclərimizi düzgün planlaşdırırıq” kimi sakitləşdirici ifadələrdən istifadə olunsun.
5. Alkoqol və narkotik vasitələri müsbət təqdim edən söhbətlər
Brayan Billaps Hyuz bildirir ki, hətta zarafatla belə alkoqol və ya narkotik vasitələrin təriflənməsi uşaqlarda bu maddələrə maraq və ya müsbət münasibət formalaşdıra bilər.
Psixoloqlar hesab edirlər ki, valideynlərin gündəlik söhbətləri uşaqların xarakterinin, özünəinamının və gələcək davranışlarının formalaşmasına birbaşa təsir göstərir. Buna görə də onların yanında deyilən hər sözə diqqətlə yanaşmaq vacibdir.
Sunay Aydın