Səudiyyə Ərəbistanı İranın Hörmüz planına müdaxilə etdi– görüş təxirə salındı

Səudiyyə Ərəbistanı İran və Oman arasında Hörmüz boğazı ilə bağlı hazırlanan razılaşmaya dair təkliflərə öz düzəlişlərini təqdim edib.

Bu barədə “Axios” portalının jurnalisti Barak Ravid məlumat verib.

“Fars körfəzi ölkələrindən birinin rəsmisi mənə bildirdi ki, Səudiyyə Ərəbistanı Oman və İranın Hörmüz boğazı ilə bağlı təklifinə düzəlişlər edib. Buna səbəb təqdim olunan ifadələrin boğazda nə Səudiyyə Ərəbistanı, nə də Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının digər ölkələri üçün qəbuledilməz olan yeni status-kvonun faktiki olaraq yaradılmasına gətirib çıxara biləcəyi ilə bağlı narahatlıq olub”, – Ravid “X” sosial şəbəkəsində yazıb.

Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına Səudiyyə Ərəbistanı və Omanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Qətər və Bəhreyn daxildir.

Bu arada Oman xarici işlər naziri Bədr əl-Busaidi bildirib ki, bazar ertəsi keçirilməsi planlaşdırılan və Fars körfəzi ölkələrinin nümayəndələrinin iştirakı ilə İran və Oman arasında Hörmüz boğazında gəmiçiliklə bağlı əldə olunan razılaşmaların açıqlanacağı görüş təxirə salınıb.

“Razılığın əldə olunması naminə Salalada keçirilməsi planlaşdırılan regional görüş təxirə salınıb. Biz regionumuzda sabitliyə və davamlı əməkdaşlığa xidmət edən dialoqu təşviq etmək öhdəliyimizə sadiq qalırıq”, – əl-Busaidi “X”də yazıb.

Bazar günü İranın xarici işlər naziri Abbas Əraqçi bazar ertəsi keçiriləcək görüşdə Fars körfəzi ölkələrinə Tehran və Maskat arasında əldə olunacaq razılaşmanın detalları barədə məlumat veriləcəyini açıqlamışdı. O, eyni zamanda bildirmişdi ki, bu razılaşma “heç bir halda” boğazın tam açılması demək deyil.

Bundan əvvəl sentyabr ayında İran və Oman hakimiyyətlərinin Hörmüz boğazında gəmilər üçün müvəqqəti marşrut müəyyən edən razılaşmanın ümumi parametrlərini razılaşdırdığı bildirilmişdi.

Tehran vurğulamışdı ki, bu marşrutun tətbiqi ABŞ-ın Omanla birlikdə daha əvvəl hazırladığı alternativ marşrutun artıq istifadə edilməyəcəyi anlamına gəlir.

İran hakimiyyəti isə bəyan edib ki, Hörmüz boğazını yalnız ABŞ-la münaqişə başa çatdıqdan sonra tam şəkildə açacaq.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.