“Türklər Gürcüstanın yerli və köklü xalqı, ölkənin bərabərhüquqlu vətəndaşlarıdır. Dünyanın böyük probleminə çevrilən COVİD-19 koronovirusuna görə onların hədəfə alınması yolverilməz və Gürcüstan cəmiyyətinin sadiq olduğu demokratik prinsiplərə ziddir”.
Bu sözləri martın 26-da Facebook üzərində canlı yayına çıxan Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili deyib.
Yada salaq ki, bir neçə gün öncə Gürcüstan mediasında Marnueli sakini azərbaycanlı qadının koronavirusa yoluxması ilə bağlı xəbər yayılandan sonra bəzi dairələr azərbaycanlıların yaşadığı Kvemo-Kartli bölgəsini koronavirusun ocağı kimi göstərib, azərbyacanlı türkləri epidemiyanı yaymaqda suçlayıb. Ardınca Marneuli və Bolnisi rayonlarında karantin elan edilib, vətəndaşlara küçəyə çıxma yasağı qoyulub.
Azərbyacanlı türk əhalisini hədəf alan yorumlara qarşı çıxan eks-prezident bildirib ki, bu cür düşünənlər və düşüncələrini tirajlayanlar vətəndaş cəmiyyətini parçalamaq istəyirlər: “Virusun dini, milliyyəti olmur. Ölkədə 70-dən yuxarı koronavirusa yoluxan vətəndaş var və onlardan yalnız biri türkdür. Xəstələrimizin arasında başqa millətlərin də nümayəndələri var – bu, təbiidir, çünki bizim ölkəmiz çoxmillətlidir. Müxtəlif xalqların birgə yaşayışı, müxtəlif mədəniyyətlərin eyni məkanda konfliktsiz var olması Gürcüstanın zənginliyidir. Biz bu zənginliyi qorumalıyıq. Mən ölkəmiz və dünyamız üçün bu ağır günlərdə hər kəsi məsuliyyətsiz fikirlərdən uzaq durmağa çağırıram. Gürcüstanda da xəstəlik genişlənməyə başlayır. Bu o deməkdir ki, karantin şərtlərinə ciddi əməl edilməli, xəstəliyin qarşısını almaq üçün maksimum səy göstərməliyik”.