Saatlının icra hakimiyyəti qarşısında aksiya keçirilib

Bu gün, aprelin 28-də bir qrup sakin Saatlı rayon İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar Saatlı rayon İcra Hakimiyyəti başçısı ilə görüşmək istədiklərini söyləyiblər.

Aksiyaya toplaşanlar müxtəlif şikayətlər dilə gətiriblər. Onların deməsinə görə, əkin torpaqlarını imkanlı şəxslər zəbt ediblər, pambıq tarlaları susuz, müharibə iştirakçıları işsiz qalıb, ağır xəstə olan şəxslər əlillik dərəcəsi ala bilmirlər. Onlar icra başçısının qəbuluna düşə bilmədiklərini bildiriblər.

Sakinlərdən bəziləri icra hakimiyyəti aparatının binasına keçməyə cəhd ediblər, polis qarşısını alıb.

Aksiya iştirakçılarının Azadlıq Radiosuna deməsinə görə, şikayətçilər, əsasən, Qıraqlı, Məzrəli, Əliabad kəndlərindən və Saatlı şəhərindən olublar.

Mustafabəyli kəndinin sakini Abış Astanov aksiyanın qəflətən baş verdiyini deyir: “İcra hakimiyyətində qəbul edilməyən adamlar binanın önünə toplaşaraq problemlərini dilə gətirdilər. Problem isə nəinki hər yaşayış məntəqəsində, hətta hər evdə var. Mənim ailəm altı nəfərdən ibarətdir. İki uşağım tələbə, ikisi isə məktəblidir. Həyat yoldaşım onkoloji xəstədir. Ailəmdən bir oğlum işləyir, o da 250 manat maaş alır. Bu pulla necə dolanmaq olar? Mən bu suala cavab almaq üçün gəlmişdim”.

A.Astanov iddia edir ki, narazılığı yaradan məmurlarıdır: “Ötən il Saatlı rayonuna yeni təyin edilən icra başçısı Elmir Bağırov ilk vaxtlar bir neçə dəfə vətəndaşları qəbul etdi. Sonradan nə bir adamı qəbul edir, nə də kəndlərə çıxır. Mərkəzi icra hakimiyyəti orqanlarına etdiyimiz şikayətlərə də baxılmır. Bilmirik sözümüzü kimə deyək…”.

Saatlı rayon İcra Hakimiyyəti başçısının köməkçisi Ruhid Əzizov da şikayətçilərin gəldiyini təsdiqləyir. Amma o, ünvanlarına səslənən ittihamlarla razılaşmır: “İcra hakimiyyətində hər həftə qəbul keçirilir. Bu gün (aprelin 28-də) də olub. İcra başçısı vətəndaşları şəxsən özü qəbul edir. Təbii ki, səlahiyyətimizə aid məsələləri həll edə bilirik. Bu gün o şikayətçilərin içində müharibə iştirakçılarının tələbi haqlı idi. Onlar yerli bələdiyyələr tərəfindən torpaq ayrılmasını istəyirdilər. Bu məsələ operativ olaraq həll ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Metodiki Dəstək Mərkəzinin direktoru koronavirusdan vəfat edib

Sonrakı məqalə

İran səfiri şəhid general Polad Həşimovun ailəsini ziyarət edib-