ABŞ-ın bir qrup keçmiş yüksək vəzifəli milli təhlükəsizlik rəsmisi Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşərək Ukraynada müharibəyə son qoymaq üçün danışıqların mümkünlüyünü müzakirə ediblər.
Azpost.info xəbər verir ki, bunu “NBC News”a görüşlər barədə məlumat verən dörd keçmiş və iki ABŞ rəsmisi deyib.
Görüşdə Rusiyanın işğal etdiyi ərazilərin taleyi, sülh təşəbbüslərinin müzakirəsinə başlamaq üçün hər iki tərəfin məqbul hesab edəcəyi şərtlər kimi ən çətin məsələlər müzakirə olunub.
Bu görüşdən əlavə Vladimir Putinə yaxın sayılan və ya Kremldə daimi əlaqə saxlayan Rusiyanın aparıcı beyin mərkəzlərinin və beynəlxalq münasibətlər sahəsində tədqiqat institutlarının rəhbərlərinin iştirakı ilə bir neçə müzakirə aparılıb.
Müzakirələrdə bəzi keçmiş Pentaqon rəsmiləri də iştirak edib.
Diplomatiyada bəzən bu cür qeyri-rəsmi təmaslar hazırkı hökumətin üzvü olmayan şəxslərin iştirakı ilə təşkil olunur. NBC mənbələri bildirirlər ki, bu halda belə görüşlər rəsmi təmasların praktiki olaraq dayandığı bir vəziyyətdə Rusiya ilə əlaqə kanallarını saxlamaq və danışıqlar, kompromis və ya müharibəni bitirmək üçün diplomatik yollar axtarmaq üçün lazımdır.
Onların sözlərinə görə, Co Bayden administrasiyasının bu görüşlərdən xəbəri olub, lakin təmaslar Ağ Evin tələbi ilə keçirilməyib. Lavrovla söhbətin iştirakçıları onun nəticələri barədə ABŞ Milli Təhlükəsizlik Şurasına məlumat veriblər.
Azpost.info
