Şahzadə Harri və Meqanın qalmaqallı müsahibəsi yayımlanıb –

"Kral ailəsində soruşdular ki, oğlunun dərisi nə dərəcədə tünd olacaq?"
08 Mart 2021 - 14:33

Şahzadə Harri və həyat yoldaşı Meqan Marklın tanınmış aparıcı Opra Uinfriyə müsahibədə səsləndirdiyi fikirlər Britaniya kral ailəsində ikitirəliyi üzə çıxarıb.

Azpost.info bildirir ki, cütlük kral ailəsində onların oğlunun dərisinin rənginin müzakirə olunmasından, maliyyə təminatını itirmələrindən, Meqanın intihar fikrinə düşməsindən danışıblar.

Müsahibə martın 7-də Birləşmiş Ştatlarda yayınlanıb, Britaniyada isə bu gün – martın 8-də yayınlanacağı gözlənir. Bu, cütlüyün kral ailəsi öhdəliklərindən imtinasından sonra ilk müsahibəsidir.

Oğlunun dərisinin rəngi müzakirə olunub

Britaniya taxt-tacının sıraca altıncı varisi sayılan Harri kral həyatının onu məngənəyə saldığını deyib. Ötən il maliyyə və təhlükəsizlik təminatının qəfildən kəsilməsi isə onun təəccübünə səbəb olubmuş.

Tünddərili Meqan ilk övladı Arçiyə hamilə qalmasından danışıb. Harridən bir ailə üzvü soruşubmuş ki, görəsən, oğlunun dərisi “nə dərəcədə tünd” olacaq.

Meqan kral ailəsinin onu qəbul etdiyini, kraliça II Yelizavetanın ona həmişə xoş münasibət bəslədiyini də söyləyib.

Şahzadə Harri kral ailəsinin onun həyat yoldaşının irqi mənsubiyyəti müzakirə olunan nəşrləri qınamadığını vurğulayıb. Amma parlamentin 70-dən çox üzvü bu materiallara qarşı çıxıblar.

Qardaşı Çarlz ilə münasibətləri soyuqdur

Harri hazırda qardaşı Uilyam ilə münasibətinin yaxın olmadığını etiraf edib. Uilyam atası Şahzadə Çarlzdan sonra taxt-tac varisidir. Harri onu da deyib ki, ailəsinin Meqanı dəstəkləmədiyini hiss edir.

Uinfri müsahibədə Meqandan hiss etdiyi təzyiqlərin ona mental təsiri haqda soruşub. Meqan deyib ki, intihar barədə düşündüyü olub, sarayın insan resursları departamentinə kömək üçün müraciət edib, amma ona deyiblər ki, eləyə biləcəkləri bir şey yoxdur.

Harri və Meqan müsahibədə yaxşı xəbər də deyiblər, ikinci övladlarının qız olacağını açıqlayıblar.

Uinfri açıqlamaların bitmədiyini, müsahibənin qalan hissələrinin bazar ertəsi CBS televiziyasında göstəriləcəyini deyib.

Ötən ilin yanvarında Harri və Meqan kral öhdəliklərindən və Britaniya taxt-tacına hüquqdan əl çəkdiklərini elan ediblər. Onlar kral ailəsini rəsmi təmsil etmirlər, dövlət maliyyəsi almırlar. Bundan sonra cütlük Birləşmiş Ştatlara köçüb. Onlar bir il ərzində qərarlarını dəyişə bilərdilər, amma buna getməyiblər.