Şamaxıda 279 saylı məktəbin müəllim və şagirdlərini aparan avtobus qəzaya düşüb-FOTO

Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən gün saat 23:00 radələrində baş verib.

Üzərinə Bakı-Tovuz-Qazax-Qırmızı Körpü yazılmış 90-NL-949 dövlət nömrə nişanlı “Mercedes” markalı sərnişin avtobusu yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

Hadisə zamanı Qəbələdən Bakıya gedən avtobusda 55 sərnişindən 6 nəfəri xəsarət alıb.

Avtobusda olan 55 sərnişinin əksəriyyəti orta məktəbin müəllim və şagirdləri, onların valideynləri olub.

Onlar Bakıdan Qəbələyə istirahət məqsədi ilə gedən Bakının 279 saylı tam orta məktəbinin müəllim və şagirdləridir.

Hadisə nəticəsində xəstəxanaya aparılan 10 yaralıdan ikisinin vəziyyəti ağırdır.

Onlar 2007-ci il təvəllüdlü Aleksandra Yexemenko Sergeyevna və 2010-cu il təvəllüdlü Qasımov Elnur Elçin oğludur.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həmçinin, təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerində 10-dan çox sərnişinə ilkin tibbi yardım göstərib.

Faktla bağlı araşdırma aparılır. (APA)

“Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib”.

Bu barədə Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidməti Bəşarət Məmmədov “Facebook” səhifəsində qeyd edib.

Bildirib ki, ilkin məlumata görə, ağır xəsarət alan yoxdur.

“Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır. Qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti olduğu bildirilir. Allah şəfa versin!”,- deyə paylaşımda bildirilib.

Əvvəlki məqalə

Bayden iyulun 14-ü İsrailə səfər edəcək

Sonrakı məqalə

Avropa çempionu olan Azərbaycan millisi böyük coşqu ilə qarşılanıb –