“Seçkilərdən sonra İran və Venesuela ilə razılıqlar daha sərt olacaq” –

TRAMP
26 Sentyabr 2020 - 09:04

ABŞ prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə İran və Venesuela ilə mümkün müqavilələrin bağlanması şərtlərini sərtləşdirməyi düşünür.

APA “CNN”-ə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri Tehrana və Karakasa ünvanlanan belə bir xəbərdarlıqla Mayami şəhərində tərəfdarları ilə seçkiqabağı görüşdə çıxış edib.

“Mən sizə bunları deyəcəyəm: İstər İran, istərsə də Venesuela olsun – onsuz da onlar danışıqlar aparmaq istəyirlər. Hər kəs danışıq aparmaq istəyir. Amma seçkilər bitənə qədər gözləmək istəyirəm. Bir il əvvəl dedim: sizin seçim imkanınız var, danışıqları indi və ya seçkilər bitdikdən sonra apara bilərik. Ancaq seçkilərdən sonra razılıqlar daha sərt olacaq”, – Tramp belə deyib.

Amerikalı lider, həmçinin Venesuela, Kuba və Nikaraquaya qarşı fəal şəkildə birtərəfli məhdudlaşdırıcı tədbirlər tətbiq etdiyini xatırladıb və bunları “tarixin ən sərt sanksiyaları” adlandırıb.

“Bu ölkələrin hamısı ABŞ-la danışıqlara gələcəklər. Gözəl bir razılaşma əldə olunacaq. Seçkilər bitənə qədər gözləməliyik. Mən onlara gözləmək istədiyimi bildirdim”, –  deyə Ağ Ev rəhbəri əlavə edib.