Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə niyə getmişdi?

25 Oktyabr 2020 - 11:04

Qardaş ölkənin KİV-ləri Şeyxin səfərinə diqqət ayırıb

 

“Bizim üçün çox çətin və məsuliyyətli bir dönəmdə qardaş Türkiyə dövlətinin, sayın Cümhurbaşkanı Ərdoğan həzrətlərinin, bütün Türkiyə xalqının Azərbaycana göstərdiyi qardaş sevgisi, uzatdığı dost əli və arxalandığımız millət dəstəyi, camilərinizin minbərlərindən ucalan dualar, oxunan xütbələr azərbaycanlı qardaşlarınız tərəfindən heç zaman unudulmayacaq”.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bu günlərdə Türkiyədə İbn Haldun Universitet Kompleksinin açılış mərasimində çıxışı zamanı bəyan edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə iştirak etdiyi mərasimdə Şeyxülislam deyib ki, Azərbaycan və Türkiyə dostluğu, qardaşlığı əbədidir və heç bir qüvvə bu milli vəhdəti sarsıda bilməz.

Səfər çərçivəsində QMİ sədri Aya Sofya məscidini ziyarət edib, İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dini liderlərinin videokonfrans formatında keçirilən iclasına qatılıb, türk jurnalistləri üçün mətbuat konfransı keçirib.

QMİ sədrinin Türkiyəyə səfərində səsləndirdiyi çağırışlar diqqəti çəkir.

Şeyxülislam İbn Haldun Universiteti kompleksinin açılış mərasimində çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı Vətən Müharibəsindən danışıb.

QMİ sədri bildirib ki, bu gün “bir millət, iki dövlət” şüarını çəkinmədən dünyaya bəyan edən iki qardaş – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev dünya tarixinə yeni bir şərəf səhifəsi yazır, yeni qəhrəmanlıq dastanı yaradırlar.

“Dövlət rəhbərimiz, Ali baş Komandanımız İlham Əliyev cənablarının başçılığı ilə Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı, təcavüzə məruz qalmış ərazilərimizi, zəbt edilmiş məscidlərimizi işğaldan azad etmək əzmindəyik”-deyən Şeyxülislam qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu bildirib.

Mərasimdən sonra Türkiyə Diyanət İşləri Başçısı Ali Erbaş və Allahşükür Paşazadə birlikdə Ayasofya Məscidinin ziyarət edib.

Diyanət rəhbəri orada qeyd edib ki, Azərbaycan ordusu bu işğalı aradan qaldırmaq üçün çox çalışır. “Biz Türkiyə, türk milləti olaraq Azərbaycanı dəstəkləyirik. Bu işğala ən qısa zamanda son qoyulacaq və Azərbaycanın torpaqları işğaldan azad olacaqdır.”

Ermənistanın təcavüzkar, antihumanist siyasətini detallarla açıqlayan Şeyxsülislam isə deyib ki, Prezident İlham Əliyevin başçılığı altında Azərbaycan öz torpaqlarını işğaldan azad etmək əzmindədir.

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dini liderlərinin videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı QMİ sədri Allahşükür Paşazadə düşmənin can atdığı təxribatı diqqətə çatdırıb. Şeyxülislam bildirib ki, ermənilər guya xristian məbədlərinin dağılmasını bəhanə gətirərək, müsəlman və xristian aləmini üz-üzə qoymaq istəyirlər.

O bildirib ki, minlərlə günahsız insanın həlak olduğu, dövlətlərin miqrant ordusu və virus bəlası ilə üzləşdiyi, dünyanın müharibələr və terrorizm savaşı ilə sarsıldığı bir dönəmdə müsəlman aləmi özünün sülh məramını və qarşılıqlı ehtiram məfkurəsini bir daha bəşəriyyətə bəyan etməlidir.

Qarabağdakı mövcud vəziyyətlə bağlı İƏT üzvü olan ölkələrin dini liderlərinə məlumat verən bütün Qafqazın Şeyxi çıxışında vurğulayıb ki, müharibə qanunlarını, beynəlxalq hüququn normalarını pozan, BMT-nin 4 qətnaməsini, Cenevrə konvensiyalarının maddələrini nəzərə almayan Ermənistan qadağan olunmuş raketlərdən istifadə edərək təmas xəttindən xeyli uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Xızı şəhər və rayonlarını, kənd və qəsəbələri atəşə tutub. Nəticədə uşaqlar da daxil olmaqla 46 mülki şəxs həlak olub, 200 nəfərdən çox insan yaralanıb, mindən çox ev və mülki obyekt dağıdılıb.

Şeyxülislam bölgəmizdə baş verən son hadisələr ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə, Ermənistanın hərbi təxribatlarını kəskin şəkildə qınayan müraciətlər etdiyinə görə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Useyminə Azərbaycan xalqı adından dərin təşəkkürünü bildirib.

“Ermənistan islamofob və işğalçı dövlətdir, onun yalan təbliğatlarına inanmaq haqqın yox, zalimin yanında olmaq deməkdir! Biz İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətləri Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verməyə və ən əsası, haqqın tərəfdarı olmağa çağırırıq”-deyə o, vurğulayıb.

Şeyxülislam Allahşükür Paşazadənin səfəri Türkiyə KİV-lərində geniş əksini tapıb. “Anadolu” Agentliyi, “Yeni Şafak”, “Milliyyet”, “Hürriyet”, “Sözçü”, NTV, “Habertürk”, “Haberler.com”, “İhlas” Haber Ajansı (İHA) və digər media qurumları QMİ sədrinin ziyarətinə xüsusi yer veriblər.

Şeyxülislam İstanbul Böyükşəhər Müftiliyinin binasında yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bir sıra mesajları səsləndirib.

Son günlər Azərbaycan Ordusunun Qarabağda keçirdiyi sülhə məcburetmə əməliyyatlarına toxunan Şeyxülislam jurnalistlərə bildirib ki, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımız, təcavüzə məruz qalmış ərazilərimiz, zəbt edilmiş məscidlərimiz azad edilir. Azərbaycan üçün bu həssas dönəmdə qardaş Türkiyə Cümhuriyyətinin verdiyi siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirən QMİ sədri Türkiyə dövlətinə, Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanq minnətdarlığını çatdırıb.

İndiki həssas məqamda QMİ sədrinin Türkiyəyə səfəri bir sıra məqamlar baxımından diqqət çəkir. İlk olaraq bu səfər iki ölkənin dini caməesinin vəhdətinin nümayişi saymaq olar. Bədxahların bütün cəhdlərinə rəğmən Türkiyə və Azərbaycan dini rəhbərlərinin birliyi iki qardaş ölkənin vahidliyinin təcəssümünü göstərdi.

Şeyxülislam Türkiyədə çıxışlarında müsəlman ölkələrinə xitabı və Azərbaycanın haqq işinin dəstəkləməyə çağırması da diqqətdən kənarda qalmır. QMİ sədri bu mesajı ilə bəzi ölkələri daha fəal olmağa çağırdı və İƏT platformasını Azərbaycanın haqlı mübarizəsini dünyaya bəyan olunmasında mühüm fürsət kimi qiymətləndirdi.

Vətən Müharibəsinin başlanması ilə ölkədə bütün ictimai-siyasi təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmaq üçün fəal iş aparırlar. Bu sırada yer alan QMİ sədrinin dünyanın nufuzlu din xadimlərinə və qurumlarına müraciətləri, məktubları cavabsız qalmır. Dünyanın tanınmış dini cameə rəhbərləri Şeyxülislama yazdıqları müraciətlərində Azərbaycanı dəstəklədiklərini bəyan edirlər. Bu sırada müsəlman ölkələrinin yer aldığı İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən Türkiyə unikal yer tutur. QMİ sədrinin bu səfəri ölkəmizin üzləşdiyi işğal faktının və buna qarşı apardığı müharibənin hədəfini göstərmək baxımından daha bir addım saymaq olar. Bu mesjların dünyada artıq regional güc mərkəzi kimi qəbul edilən Türkiyədən səslənməsinə iki qardaş ölkənin ifadə etdiyi birgə mövqeyinin nümayişi kimi baxılmalıdır.

Emin Abbasov