Şeyxülislam Allahşükür Paşazadə İraqa səfərə dəvət edilib

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İraq Respublikasının rabitə naziri Arkan Şihab Al-Şeybaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
QMİ-dən verilən məlumata görə, QMİ sədri görüşdə Azərbaycan ilə İraq arasındakı əlaqələrin tarixi dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında uğurla inkişaf etdiyini vurğulayıb, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan ilə İraq arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası və səfər çərçivəsində keçirilmiş bir sıra görüşlər zamanı əldə edilmiş razılaşmaların ölkələrimiz və xalqlarımız arasında səmərəli əməkdaşlığın, əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacağına inandığını bildirib.
Azərbaycan-İraq mədəni-mənəvi münasibətlərinin tarixinə toxunan QMİ sədri Azərbaycanda yerləşən İslama aid tarixi məkanların müsəlmanlar, o cümlədən İraq müsəlmanları üçün maraq doğurduğuna diqqət çəkib. Bildirib ki, inşallah, tezliklə pandemiyanın səngiməsindən sonra Azərbaycan ilə İraq arasında qarşılıqlı zəvvar səfərlərinin mütəmadiliyi prioritet olmalıdır.
QMİ-nin sədri Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyən, 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin haqq mübarizəsinə beynəlxalq müstəvidə dəstək verən İraq cəmiyyətinin mövqeyini xüsusi dəyərləndirib. Eyni zamanda ümidvar olduğunu bildirib ki, iraqlı qonaqlar gələcək səfərlərində Qarabağın bərpa olunmuş məscid və ziyarətgahlarını ziyarət edə biləcəklər.
A.Paşazadə Azərbaycanın dahi şairi Füzulinin xalqlarımız üçün böyük dəyər kəsb edən mədəni-mənəvi irsinin tədqiqi və təbliğinin əhəmiyyətinə toxunaraq, onun İraqdakı məqbərəsinin hər zaman diqqət mərkəzində olduğunu qeyd edib.
İraq Respublikasının rabitə naziri Arkan Şihab Al-Şeybani deyib ki, Azərbaycana səfərinin məqsədi ikitərəfli əlaqələri daha da dərinləşdirməkdir. “Əlaqələrimizin qədim tarixi var. Dövlətlərimiz bir-birinə sıx tellərlə bağlıdır. Dahi Füzuli bu bağlardan biridir. Azərbaycan və İraq əlaqələrin daha da dərinləşdirilməsində əzmlidir. İraq da Azərbaycan kimi, bir çox münaqişələrə məruz qalıb. Şadıq ki, münaqişələr başa çatıb və hazırda ölkələrimizdə sülh hökm sürür”.
Arkan Şihab Al-Şeybani Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni ölkəsinə səfərə dəvət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Olimpiadanı 7 medalla başa vurdu –

Sonrakı məqalə

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub