Şeyxülislam işğalçı Ermənistana qarşı yeni səngərdə –

Beynəlxalq Dinlərarası Dialoq Mərkəzində səslənən çağırış
26 Sentyabr 2020 - 16:30

Ermənistan rəhbərliyinin təxribatları nəticəsində son aylarda cəbhədə vəziyyətin gərginləşməsi regionda yeni müharibə təhlükəsini ortaya çıxarıb.

Düşmən təxribatlarına çevik reaksiya verən Azərbaycan birmənalı şəkildə torpaqların işğalı ilə barışmayacağını və yeni hərbi toqquşmanın Yerevan üçün bədbəxtlik gətirəcəyini bəyan edib.

Ordumuzun peşəkar döyüş təlimlərinin düşməni qorxutduğu aydın görünür. Yalançı göz yaşları ilə “sülh göyərçini” libasına bürünməyə cəhd edən Paşinyan və onun komandası yeni müharibənin onun üçün doğüracağı fəlakətli nəticələri yaxşı anlayır. Sülh danışıqlarını pozmaqla guya “yeni danışıqlar paketi” əldə edəcəyini güman edən Paşinyan Azərbaycanın sərt mövqeyi ilə baş-başa qalıb. Prezident İlham Əliyev Ermənistanın danışıqları pozduğunu bəyan edərək bu şəraitdə danışıqların əhəmiyyətsiz olduğunu bildirib.

Ölkə ictimaiyyəti birmənalı şəkildə Azərbaycan Ordusunun son Tovuz döyüşlərində və cəbhənin digər yerlərində düşmənə vurduğu layiqli zərbələrini dəstəkləyib. Cəmiyyət işğal olunmuş torpaqlarımızın azad olunması üçün yekdil mövqe nümayiş etdirir və Orduya görünməmiş dəstəyini ortaya qoyub. On minlərlə könüllü hərbi əməliyyatların başlayacağı təqdirdə düşmənlə döyüşməyə hazır olduğunu bəyan edib.

Ölkədə müharibə əhvalı gündəmdir.

Azərbaycanın bütün ictimai-siyasi müstəvisi düşmənə qarşı vahid səngərdə birləşib. Tanınmış ictimai xadimlərimiz ən mötəbər kürsülərdə ölkəmizin işğalçı Ermənistana qarşı tutduğu sərt mövqeyini açıqlayırlar.

Prezident İlham Əliyev bu günlərdə BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışında və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edərkən Azərbaycanın mövqeyini bir daha ifadə edib. Dövlət Başçısı Paşinyan rejiminin təxribatlarını pisləyərək belə avanturanın Ermənistana baha başa gələcəyini bəyan etdi. “Onlar bizə hücum etsələr, peşman olacaqlar”-deyə dövlət başçısı vurğulayıb.

 Belə mövqe bu günlərdə Vyanada keçirilmiş mötəbər konfransda səsləndirilib.

Avstriyanın paytaxtı Vyanada keçirilən KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının iclasında iştirak edən Şeyxülislam Allahşükür Paşazadə Ermənistanın apardığı bu avanturist siyasət nəticəsində sülh danışıqlarının boşa çıxdığını bəyan edib.

İyul ayında Azərbaycan-Ermənistan sərhəddində baş vermiş erməni təxribatı barədə iclas iştirakçılarını məlumatlandıran A.Paşazadə 20 faiz torpaqlarımızı zəbt etmiş Ermənistan tərəfinin aqressiyasının miqyasının artdığını, mülki əhalinin hədəf alındığını və işğal olunmuş ərazilərimizdə dini abidələrə təcavüzün baş verdiyini vurğulayıb. QMİ sədri bildirib ki, bu səbəbdən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində səylər nəticəsiz qalıb.

Müxtəlif dinlərin təmsilçilərinin toplaşdığı qurumda Şeyxülislamın səsləndirdiyi bu mövqe diqqəti regionda yaranmış mürəkkəb vəziyyətə yönəldir.

Konfliktin dinc yolla həlli üçün səylərini əsirgəməyən Şeyxülislam ilk gündən Qarabağ münaqişəsi ilə bağlı bütün fəaliyyətində, apardığı danışıqlarda Azərbaycanın haqlı mövqeyini ifadə edərək problemin həllinin ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından keçdiyini bildirib.

2017-ci ilin sentyabrında Moskvada Danil monastırında katolokos Qareginlə baş tutan sonuncu görüşdə QMİ sədri ona “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Müharibə də Azərbaycan ərazisində gedib. Azərbaycan torpaqları işğal olunub”- demişdi.

Bütün nufuzlu beynəlxalq platformalarda dövlətmizin bu mövqeyini ifadə edən A.Paşazadəyə ayrı-ayrı qurumlardan dəstək ifadə olunub.

Azərbaycanın etibarlı mühüm platformalarından olan İslam Əməkdaşlıq Təşkilatı daim ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib və işğalçı Ermənistanı pisləyib. Xocalı faciəsi beynəlxalq təşkilatlar sırasında ilk dəfə olaraq məhz İƏT tərəfindən soyqırımı aktı kimi tanınıb.

Ötən il Bakıda keçirilmiş Dini Liderlərin 2-ci Sammitinin mühüm nailiyyətlərindən biri sammit iştirakçılarının Qarabağla bağlı mövqeyi olub. Sammit Birləşmiş Millətlər Təşkilatını beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq sülh yolu ilə həll olunmasına töhfə verməyə çağırdı.

QMİ sədri həmişə Azərbaycan ordusunun vətəni işğaldan azad etməsi üçün atdığı addımı dəstəkləyib.

Tovuz döyüşləri zamanı sosial şəbəkədəki rəsmi  səhifəsində “Səninləyik, Azərbaycan əsgəri!” yazan Şeyxin həmin gərgin günlərdə verdiyi bəyanat bir daha Azərbaycan xalqının Qarabağla bağlı vahid mövqeyinin nümayişi oldu.

“Bu təxribatın bütün siyasi və hüquqi məsuliyyəti Ermənistan tərəfin üzərindədir, törətdiyi cinayət əməllərinə görə bu dövlətin siyasətbazları Allah və bəşər məhkəməsi qarşısında cavab verəcək”- deyə bəyan edən QMİ sədri işğalçı Ermənistanın bu çirkin təxribatını qətiyyətlə pislədi.

Bu baxımdan ən müxtəlif dini konfessiya nümayəndələrinin cəmləşdiyi KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Azərbaycanın haqlı mövqeyini ifadə etmək üçün daha bir mötəbər müstəvidir.

Qeyd edək ki, Vyana konfransında G20 çərçivəsində Dinlərarası Forumun keçirilməsi təklifi də səslənib. QMİ sədri heç bir mötəbər tədbirdə Qarabağ məsələsini kənara qoymur. Odur ki, nəzərdə tutulan G20 çərçivəsində bu Forum Qarabağ probleminin həlli və Azərbaycanın haqlı mövqeyinin nümayişi üçün daha bir imkan olacaq.

QMİ sədrinin Vyanada verdiyi bəyanatla beynəlxalq platformada erməni işğalçılarına qarşı Qarabağla bağlı növbəti cəbhə açdığını demək olar.