Şeyxülislam və dini konfessiya rəhbərləri şəhid məzarlarını ziyarət ediblər –

FOTO
25 İyun 2021 - 20:22

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə Azərbaycan Ordusunun qəhrəman şəhidlərinin məzarlarını ziyarət ediblər.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla din xadimləri qəhrəman Vətən oğullarının xatirəsini yad etmək üçün ilk öncə İkinci Fəxri xiyabanda olublar.

Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, habelə digər şəhidlərimizin məzarlarını ziyarət edən QMİ sədri, İdarənin rəsmiləri və din xadimləri şəhidlərimizə Allahdan rəhmət diləyərək, məzarlarına tər çiçəklər düzüb, ruhları üçün dualar ediblər.

Sonra Şəhidlər xiyabanına gələn din xadimləri burada dəfn olunan qəhrəman Vətən övladlarının məzarları önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildirib, ruhlarına dualar oxuyublar.

Allahşükür Paşazadə Silahlı Qüvvələr günü münasibətilə Azərbaycan xalqını təbrik edib:

“Bu il biz Şəhidlər xiyabanını qalib xalq kimi ziyarət edirik. Biz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının daim müzəffər olmasını arzulayırıq. Bizə bu Qələbəni yaşadan şəhidlərimizə minnətdarıq”.