Şeyxülislamdan vətənpərvərliyi təbliğ edən virtual aksiya

 Vətən Müharibəsindən qalibiyyətlə çıxan Azərbaycan hazırda 44 günlük döyüşlərin fəsadlarını, dağıntılarını aradan qaldırmağa başlayıb. Cəmiyyəti, KİV-i, sosial şəbəkələri qalib əsgərlərin, şəhidlərin qəhrəmanlıq dolu döyüş yolunun tarixçələri bəzəyir.

Qələbə ölkədə vətənpərvərlik hissinin təbliği üçün mühüm baza yarada bilib. Hər kəs- sıravi vətəndaşdan tutmuş tanınmış şəxsə qədər müzəffər ordumuzun, əsgərlərimizin qəhrəmanlığından yazır, şəhidlərimizin xatirəsini göz yaşı və qurur hissi ilə yad edir.

Ölkənin ictimai-siyasi-mədəni müstəvisi müharibənin ilk günündən Azərbaycanın haqq davasına dəstək verərək şanlı ordumuzla çiyin-çiyinə durdu. Müqəddəs savaşın vacib məsələsi olan milli birlik və həmrəylik bu 44 gündə dünyanı heyrətə salaraq xalqın vahidliyi üçün “dirilik suyu”na çevrildi. Vətənin müdaifəsi üçün verilən siyasi bəyanatlar, minbərlərdə səslənən dualar, yazılan musiqilər bu birliyin təcəssümünü ifadə etdi.

Qələbə həm də ölkənin qanlı-qadalı tarixinin bir yaddaşı deməkdir. Son 30 ildə işğal faktorundan ziyan çəkən Azərbaycanın öz ərazisinin 20 faizini itirməsi xalqın faciəsinə çevrilmişdi. 1-ci Qarabağ müharibəsinin qanlı səhifələri, dinc sakinlərin qətli ilə xatırlanan səhifələr, Xocalı soyqırımı ötən illərin ağır mirası kimi yaddaşlara yazılmışdı. Bu illərdə həmin müharibənin qəhrəmanlıq səhifələrini yazmış əsgərlərin xatirəsi xalqın Qarabağ uğrunda mənəvi gücünün bərpasında özünün mühüm rolunu oynamışdı.

Tarix həm də ibrət almaq üçündür.

Bu günlərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə özünün sosial şəbəkədəki səhifəsində Qələbənin fonunda ötən 30 ilin ağır səhifələrini bir daha yada salaraq ölkəmizin müharibə səlnaməsini xatırladır.

Dini lider öz vətənprəvər mesajları ilə xalqı daha səfərbər edir və tarixi yaddaşı təzələyir.

Qeyd edək ki, QMİ sədri Qarabağ müharibəsi dövründə fəal mövqeyi ilə seçilib. Cəbhə bölgəsinə səfərlər edən Şeyxülislam daim döyüşçülərin mənəvi gücünün toparlanması üçün səylərini əsirgəməyib. “Moizələrimizdə özümüzü əsgər kimi hiss etməliyik. Biz Vətənimizi işğaldan azad etməliyik və edəcəyik”,-deyə Allahşükür Paşazadə bəyanatlarının birində bildirmişdi.

QMİ sədri 2017-ci ildə Moskvada erməni katalikosu Qaragenlə görüşü zamanı isə ona “Qarabağ müharibəsi işğal olunmuş 7 rayonda, Azərbaycan ərazisində gedir. Bura Azərbaycan ərazisidir”- demişdi. Vətən Müharibəsində qazanılmış qalibiyyət barədə danışarkən “Bu Qələbə hamımızındır, əsasən də Şəhid valideynlərinindir”-deyə vurğulamışdı.

Öz səhifəsində QMİ sədri 1-ci Qarabağ müharibəsinin iştirakçılarını xatırlatmaqla Azərbaycan xalqının son 30 ildəki mübarizəsinə, onun cəsur igidlərinə güzgü tutur. Şeyxülislam bu sırada Milli Qəhrəmanlarımız Əlif Hacıyev, Maşallah Abdullayev, Kazımağa Kərimov, Etibar Hacıyev, Tofiq Hüseynov, Şahlar Hüseynov, Sərxan Ocaqverdiyev, Ramiz Qənbərovu və digərlərini yada salır.

44 günlük müharibə zamanı din xadimləri daim öndə oldular. Şəhidlərimizin pak nəşlərini uğrunda şəhid olduqları vətən torpağına təslim edərkən müqəddəs kitabın “Vətəni sevmək imandandır” prinsipini rəhbər tutaraq döyüş ruhunu, imanı, qorxmazlığı təbliğ etdilər.

Şəhidlərin məzarı üstə gedərək onların ruhlarına dua oxuyan QMİ sədrinin təşəbbüsü ilə ABŞ, Türkiyədə, MDB ölkələrində şəhidlərin xatirə mərasimləri təşkil olundu.

A.Paşazadənin bu illərdə Ermənistanın işğal olunmuş torpaqlarda dini-mədəni abidələrə qarşı törətdiyi vandalizm dünyaya çatdırılması üçün də fəaliyyəti də yaddaqalan olub.

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanatı bu baxımdan mühüm sənəddir.

Bəyanatda qeyd olunur ki, Ermənistan Azərbaycana qarşı təkcə etnik təmizləmə, soyqırımı və işğal deyil, uzun illər ərzində ölkəmizin öz müxtəlifliyi ilə fərqlənən mədəni və mənəvi irsinə qarşı təcavüz siyasəti yeridib. Digər xalqlara və dinlərə qarşı dözümsüzlüklə səciyyələnən cəmiyyət yaratmış Ermənistan çoxmillətli və çoxkonfessiyalı Azərbaycanın işğal altında olan ərazilərində tarixən mövcud olmuş qədim alban, pravoslav, müsəlman dini və mədəni irsini tamamilə silməyə çalışıb. Qarabağ ərazisində mövcud olan 67 məsciddən 63-ü yerlə-yeksan edilib, qalan 3 məscidə isə ciddi zərər vurulub. Ermənistan öz ərazisində yerləşən tarixi Azərbaycan dini abidələrini – İrəvan “Şah Abbas”, “Sərdar”, “Hacı Novruz Əli” və digər məscidləri tamamilə uçurub, Göy məscidin arxitektura xüsusiyyətlərini dəyişərək özgəninkiləşdirib. Yalnız müsəlman məscidlərini məhv etməklə kifayətlənməyən Ermənistan Şuşadakı İoann Predteça pravoslav kilsəsini, digər bölgələrdəki Alban-udi məbədlərini qəsb edərək qriqoriyanlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə dağıdıb.

QMİ sədri səhifəsində işğal olunmuş torpaqlarda dağıdılmış dini abidələrin siyahısını qeyd edərək bu barbarlığı bir daha nümayiş etdirir.

2017-ci ildə Moskvada Rusiya, Azərbaycan və Ermənistanın dini liderlərinin üçtərəfli görüşünün yekunlarına dair imzalanmış birgə bəyanatında vurğulanırdı ki, “dini liderlər olaraq biz kilsələrin, məscidlərin və digər müqəddəs yerlərin qorunmasına çağırıq. Dini abidələrin qorunması olduqca vacibdir”.

Müzəffər ordumuz tərəfindən torpaqlar azad edildikdən sonra oradakı acı mənzərə Ermənistanın katolikos da daxil olmaqla bütün bu illər ərzindəki riyakar siyasətini üzə çıxartdı. Ermənistandan fərqli olaraq Azərbaycanda, paytaxt Bakıda və müxtəlif bölgələrdə minlərlə erməni əsilli vətəndaş əmin-amanlıq şəraitində yaşayır, Bakının mərkəzində erməni kilsəsi və onun kitabxanası dövlət tərəfindən abadlaşdırılaraq qorunur.

Ölkəmizdəki tolerant mühit, səmavi dinlərin unikal əməkdaşlığı dünya üçün xoş nümunəyə çevrilib.

A.Paşazadə bu illər ərzində daim İslam Əməkdaşlıq Təşkilatının, BMT-nin, digər mötəbər qurumların tribunasından çıxış edərək işğal olunmuş ərazilərdə İslami abidələrin, məscidlərin və ziyarətgahların da dağıdıldığını qeyd edib və yığıncaqda iştirak edən dövlətləri bunu pisləməyə çağırıb.

İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edib. Sonuncu belə qətnamələr 2015 və 2016-cı ildə Küveyt və Daşkənddə keçirilmiş İƏT xarici işlər nazirləri şurasında qəbul olunub. Xarici İşlər Nazirləri Şurasının 46-cı iclasında İƏT “İslamın müqəddəs yerlərinin qorunması haqqında” 3/46-S saylı Qərar qəbul edib. Qərarda erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasında İslama aid tarixi və mədəni irsin tamamilə məhv etmək məqsədi, barbar hərəkətləri pislənilib.

“Bəqərə” surəsinin 114-cü ayəsində buyurulur: “Allahın məscidində onun adının çəkilməsinə imkan verməyən və oranı xaraba qoymağa çalışanlardan da zalımı varmı? Onlar məscidlərə yalnız qorxu ilə girmək haqqına malikdirlər. Onların dünyada bəhrəsi rüsvayçılıq, axirətdə isə böyük əzabdır”.

Vandalizm, dini inanc yerlərinə təhqiramiz münasibət dünyanın heç bir yerində dəstək almır. Bu baxımdan Ermənistanın bu vəhşiliyi onların tarixinin “qara kitab”ının daha bir utanc verən səhifəsidir.

Vətən Müharibəsi Azərbaycan tarixinin şanlı səhifəsinə çevrildi. Bu Qələbə Azərbaycan xalqının mənəvi gücünün artmasına, vətənpərvərlik hissinin yüksəlməsinə parlaq töhfəsini verib. Onun qəhrəmanları adlarını tariximizə qızıl xətlə yazdı.

Şeyxülislam Allahşükür Paşazadə belə addımla həm də cəmiyyətə ötən tarixini unutmamağı xatırladır. Dünyada və regionda böyük nufuza malik olan Şeyxin sosial şəbəkədəki səhifəsi bölgə ölkələri, tanınmış din xadimləri  tərəfindən izlənilir. Bu baxımdan belə virtual aksiyaların uğurlarımızı, tariximizi və düşmən vandalizminin nəticələrini xaricə çatdırılmasında əhəmiyyəti danılmazdır.

Emin ABBASOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranın Qərbi Azərbaycan əyalətində 4.5 bal gücündə zəlzələ baş verib

Sonrakı məqalə

Əməkdar artist Atabala Səfərov vəfat edib