Şeyxülislamın və Rusiya Patriarxının görüşü və mesajı

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ötən həftə Kazan şəhərində keçirilən “Rusiya -İslam aləmi strateji baxış qrupu”nun növbəti illik görüşündə Moskva və Bütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kiril ilə görüşüb.

Patriarx Kiril Şeyxülislamı beynəlxalq müstəvidə böyük nüfuza sahib olduğunu vurğulayıb və aralarında münasibətləri “dostluq və qardaşlıq münasibətləri” adlandırıb. Kirill Azərbaycanda pravoslavlar üçün yaradılmış yüksək şəraitə görə təşəkkür edib.

QMİ sədri Patriarx həzrətləri ilə yenidən görüşməkdən şərəf duyduğunu deyib və Kirilə Prezident İlham Əliyevin salamlarını  çatdırıb.

Şeyxülislam Patriarx Kirilə Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişənin dini zəminə keçməsinin qarşısını almağa, eləcə də Cənubi Qafqazda qarşılıqlı etimadın bərpasına yönəlmiş fəaliyyətinə görə təşəkkür edib.

Patriarx Kiril bundan sonra da Azərbaycan və Erməni dini liderlərinin arasında vasitəçilik rolunu oynamağa hazır olduğunu vurğulayıb.

Görüş zamanı tərəflər müxtəlif beynəlxalq dini və dinlərarası dialoq qurumları, o cümlədən, Ümumdünya Kilsələr Birliyi, KAICIID dinlərarası dialoq mərkəzi, habelə digər beynəlxalq təşkilatlarla bağlı məsələləri müzakirə ediblər.

Göründüyü kimi görüş zamanı region üçün əhəmiyyət daşıyan bir çox məsələlərə toxunulub.

Rusiya Pravoslav Kilsəsi ötən illər ərzində Azərbaycanla əlaqələrində ardıcıl olub. QMİ-i ilə isti əlaqələr və əməkdaşlıq ötən 30 ildə regionda baş verən bütün proseslər zamanı yaranan böhrandan, mürəkkəb vəziyyətlərdən çıxmağa kömək edib. Kilsə xüsusən Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik səylərini əsirgəməyib və Azərbaycan-Ermənistan dini liderləri arasında görüşlərin təşəbbüskarı olub.

Sonuncu dəfə 2021-cilin oktyabrında Kirillin vasitəçiliyi ilə Allahşükür Paşazadə və katolikos Qaregin bir araya gəlmişdi. Bu üçtərəfli görüş 44 günlük müharibədən sonra dini rəhbərlərin ilk təması idi.

Həmin görüşdə qəbul edilən bəyanatda deyilirdi ki, Azərbaycan və Ermənistan xalqları üçün birlikdə yaşamaqdan başqa gələcək yoxdur. Dini liderlər Azərbaycan və Ermənistan xalqlarını indiki və gələcək nəsillərin rifahı, çiçəklənməsi naminə barışdırmaq üçün kömək etməyə hazırdır.

QMİ ilə əməkdaşlıq prioriteti göstərir ki, Rusiya Patriarxlığı Qafqaz müsəlmanlarının idarəsinin regionun təhlükəsizliyi üçün önəmini anlayır və QMİ-nin proseslərin idarə olunmasında “açar” funksiyasını daşıdığını görür.

Bunun bir xətti QMİ sədrinin Rusiya müsəlmanları arasında olan hörmətindədir.

QMİ sədri Qafqaz Xalqları Ali Dini Şurasının sədridir. Şeyxülislamın Şimali Qafqaz kimi son dərəcə mürəkkəb regionda belə postun sahibinə çevrilməsi Azərbaycana olan etimadın və dəstəyin bir ifadəsidir.

Şeyxülislamın tutduğu MDB –nin müsəlman dini liderlərinin Məşvərət Şurasının sədri postu da postsovet məkanında yaşayan müsəlman ölkələri arasında əməkdaşlıq platformasının yaradılmasında mühüm rol oynayır.

QMİ sədri Şimali Qafqazda populyar dini rəhbərdir. Azərbaycanın Çeçenistanla, o cümlədən Şimali Qafqaz ölkələri ilə münasibətlərində din faktorunun önəmini nəzərə alsaq bunun əhəmiyyəti daha da aydın üzə çıxır.

Azərbaycan müstəqillik qazandıqdan sonra Şimali Qafqazla mehriban dostluq və qardaşlıq əlaqələri möhkəm zəmin üzərində bərqərar olub. Siyasi böhranlarla zəngin olan “qarmaqarışıq 90-lar”da  Azərbaycan həmişə Şimali Qafqaz müsəlman liderləri və Rusiya Pravoslav Kilsəsi rəhbərləri ilə isti münasibətlərə malik olub. Bu əlaqələr bir sıra hallarda Rusiyanı və Azərbaycanı narahat edəcək bir sıra xoşagəlməz proseslərin qarşısnı almaqda böyük kömək göstərib.

44 günlük Vətən Müharibə zamanı Rusiya Federasiyasının ən önəmli ərazi vahidi olan Şimali Qafqazdan Azərbaycanın haqlı savaşına və qələbəsinə açıq dəstək verilməsi bu əməkdaşlığın gözəl bəhrəsi idi.

Şimali Qafqazın müftilərinin bu təbriklərini eyni zamanda həmin ölkələrin siyasi hakimiyyətlərinin də mövqeyinin ifadəsi saymaq olar. Bu isə Rusiya siyasi elitasında və KİV-lərində Azərbaycanın əleyhinə olan qüvvələrə qarşı demarş sayıla bilər.

Rusiya Patriarxı ilə səmimi əlaqələr Rusiyada yaşayan azərbaycanlıların kilsə tərəfindən dəstəklənməsinə şərait yaradır. Rusiyaya səfəri zamanı Şeyxülislamın bu ölkədə yaşayan azərbaycanlılarla bir araya gəlməsi, dini liderlərə görüşməsi əməkdaşlıq platformasını möhkəmləndirir.

QMİ ilə Patriarxlıq arasında bu görüşlər tərəflərin humanizm prinsiplərinə sadiq qaldığını, bölgədə sülhə töhfə vermək niyyətini nümayiş etdirir.

Bu baxımdan Rusiya Patriarxı ilə dostluğa söykənən əməkdaşlıq Cənubi Qafqazda sülhün və sabitiliyin təmin olunması üçün qiyməti bir platforma yaradır, dialoq çağırışlarını aktuallaşdırır.

Böyük Qafqaz, onun mürəkkəb dini münasibətlərini nəzərdən keçirdikdə ruhani rəhbərlərin dini lider kimi qəbul etdikləri Şeyxülislama verdikləri dəyər göz önünə çıxır.

QMİ sədrinin intensiv və uğurlu xarici əlaqələri Azərbaycanın beynəlxalq aləmdə, nufuzlu dini qurumlarda sözünü çatdırmaq, mövqeyini ifadə etmək və inandırmaq baxımından böyük imkanlar verir.

Rusiyanın böyük bir coğrafiyasını əhatə edən Şimali Qafqaz müsəlmanlarının Azərbaycanın ədalətli mövqeyinə, zəfər müharibəsində qələbəsinə yekdil dəstəyini alaması QMİ-nin bütün platoformalarda apardığı sistemli, ardıcıl fəaliyyətin bariz nümunəsidir.

Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü, ölkəmizi dünyaya nümunə kimi təqdim etdiyi bu tolerantlıq siyasətinin mahiyyətində xalqların bir-birini dinləmək arzusu və qonşularla əmin-amanlıqda yaşamaq niyyəti durur.

Bu baxımdan Rusiya Patriarxı ilə görüş və müzakirələr bir-birinə qarşılıqlı etimadı nümayiş etdirir və iki dövlət arasında mənəvi körpünü möhkəmləndirir.

Aydın ABBASOV

Əvvəlki məqalə

Azərbaycanda 28 May –

Sonrakı məqalə

Hava limanında bir qrup şəxslə gömrükçülər arasında qalmaqal düşüb –