Şeyxülislamın Xocalı yaddaşı –Allahşükür Paşazadə “Unutmarıq-Unutdurmarıq”kampaniyasına başlayıb

Fevralın 26-da Azərbaycanda Xocalı soyqırımının 29-cu ildönümü qeyd olunacaq. Bu kədərli tarix xalqımızın yaddaşına günahsız soydaşlarımızın qanlı qırğını ilə yazılıb.

1992-ci il fevralın 26-da erməni terror dəstələri sovet ordusunun 366-cı alayı ilə birgə Xocalıda dəhşətli qətliam törədərək 600 –dən çox dinc sakini qətlə yetirdilər.

Xocalı yerlə yeksan edildi.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Bu soyqırımı Azərbaycanın xain qonşuları tərəfindən üzləşdiyi ərazi iddialarının qanlı nəticələrindəndir.

Bu il müzəffər Azərbaycan Ordusunun düşməndən azad etdiyi Qarabağ torpaqlarında soyqırımın səbəbkarları lənətlənəcək. Azad olunmuş Şuşa məscidində ilk dəfə Xocalı qurbanlarının ruhuna dualar oxunacaq.

Prezident İlham Əliyev 8 noyabr 2020-ci ildə Azərbaycan xalqına müraciətində Xocalı soyqırımının qurbanlarını xatırladaraq onların qisasının alındığını bəyan etdi: “Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmayıb”-deyə dövlət başçısı “intiqamımızı döyüş meydanında aldıq! Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq”-deyə bəyan etdi.

Azərbaycan ordusu 44 gün ərzində apardığı müharibədə tarix yazdı, torpaqları işğaldan azad etdi, mənfur düşməndən günahsız insanların intiqamını aldı, qalibiyyət bayrağını Şuşaya taxdı.

Bu il Xocalı qurbanlarını ziyarət etməyə gedən xalq o günahsız adamların narahat ruhları qarşısında bu qüssəli tarixin hesabını verə biləcək.

Soyqırım isə Azərbaycan tarixinin acı səhifəsi kimi daim yaddaşlarda qalacaq. Bizdən sonrakı nəsillər də daim bu qanlı hadisəni xatırlayaraq onun qurbanlarının əziz xatirəsini yad edəcəklər.

Bu tarixi yaddaşlarda saxlamaq, nəsildən-nəslə çatdırmaq hamının müqəddəs borcudur.

1992-ci ilin fevralında ermənilər tərəfindən törədilmiş Xocalıda dinc insanların amansızcasına qətlindən sarsılan bütün rəsmi və digər təşkilatlarla bərabər Qafqaz Müsəlmanları İdarəsi həmin günlərdə verdiyi bəyanatında faciə təşkilatçılarını lənətləyərək buna görə Allah dərgahında məsuliyyətini xatırlatmışdı.

Ötən bu 29 ildə A.Paşazadənin rəhbərlik etdiyi QMİ-nin bütün fəaliyyətində Qarabağ və Xocalı soyqırımı qırmızı xətlə keçir.

Artıq neçə gündür ki, Şeyxülislam Allahşükür Paşazadə sosial şəbəkədəki rəsmi səhifəsində Xocalı soyqırımı ilə bağlı “Unutmadıq! Unutdurmarıq!” sloqanı ilə müxtəlif dillərdə paylaşımlar edir, faciə ilə bağlı tarixi fotoları təqdim edir. Xocalı haqqında #khocali, #armenianterror #khocaligenoside həştəqiylə paylaşımlar edən QMİ sədri səhifəsində bu qətliamı Azərbaycan tarixinin “ən dəhşətli və faciəli səhifələrdən biri” adlandırıb.

Hər il dünya birliynə ünvanladıqları müraciətdə Şeyxülislam və Azərbaycanın digər dini icmalarının rəhbərləri Xocalı soyqırımına görə məsuliyyəti olanları bir daha xatırladırlar.

A.Paşazadə Qarabağ münaqişəsinin ilk günlərindən erməni kilsəsinin rəhbərlərinə müraciətində onları  xalqlar arasında bu davanı salan millətçilərin qarşısını almağa çağırmışdı.

QMİ sədri ötən bu 30 ildə daim sülhün əldə olunması üçün çalışıb, Azərbaycanın haqq işinin ardıcıl müdafiəsi üçün var qüvvəsi ilə mübarizə aparıb.

Şeyxülislam Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün aparılan müharibədə həlak olanları “şəhid” adlandırmaqla xalqa müharibədə mənəvi güc kodunu verə bilmişdi.

“Bu faciəni yaddan çıxara bilmərik. Həqiqət gec-tez öz yerini tutacaq. Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşıdır” –deyə bəyanatda Şeyxülislam Allahşükür Paşazadə vurğulamışdı.

QMİ sədri müsahibəsində Xocalı qətliamında onu ən çox sarsıdan qətlə yetirilmiş körpə uşağın fotosu olduğunu demişdi: “Mənim heç yadımdan çıxmaz, Xocalıdan iki uşaq vardı qırmızı paltarda. Sanki kukla kimi donmuşdular…Bu fotonu heç vaxt unuda bilmirəm” –deyə Şeyxulislam vurğulamışdı.

Səmavi dinlərdə günahsız insanları öldürmək ən böyük günah sayılır. Xocalıda Ermənistan bütün müqəddəs kitablarda yer almış bu qadağanı pozaraq dinc adamların – qocaların, qadınların, uşaqların qətliamını həyata keçirdi. Bu gün Xocalı soyqırımı Holokost, Xatın, Serebrenitsa qətliamı kimi dünya ictimaiyyətini kədərə qərq edən soyqırım kimi xatırlanır, bu qırğını törədən hərbi canilər lənətlənir.

Azərbaycanın Xocalı qətliamını bütün dünyaya nümayiş etdirməklə Ermənistanın dövlət siyasətinin xain və təcavüzkar, terrorçu mahiyyətini bir daha xatırladır.

Bu gün Azərbaycan bayrağı Xocalı rayonunun azad edilmiş kəndlərində vüqarla dalğalanır. Ağdam məscidi isə 29 il əvvəl erməni terrorçularının törətdiyi qanlı cinayətin qurbanlarının acı xatirəsini saxlayır. Fevralın 26-da yəqin ki, viran edilmiş Ağdamın tənha qalmış məscidində Xocalı üçün dualar olunacaq.

Təkcə Ağdamda yox, azad edilmiş bütün rayonların ərazisində…Bu dualar ruhu o torpaqlar üzərində uçan günahsız qurbanlara, əziz şəhidlərimizə rahatlıq bəxş edəcək.

Aydın Ağabəyli

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Komitəsi intihar edən 20 yaşlı qızla bağlı məsələni nəzarətə götürüb

Sonrakı məqalə

Rusiya məhkəməsi Navalnının günahkar olduğunu təsdiqləyib