Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı olub.
Hadisə saat 11.30 radələrində qeydə alınıb.
Yığma sexində sursatın partlaması nəticəsində bir nəfər işçi ölüb. Bir işçi müxtəlif xəsarətlərlə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Sənayesi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakov APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 12 radələrində nazirliyin “Şirvan Araz zavodu” MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib. Nəticədə bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.
Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək.
Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlaması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi bilinib.
Ölən şəxs Şirvan sakini, 1966-cı il təvəllüdlü Əhmədov Mehman Həsən oğludur.
Xəsarət alan şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Şəkərova Səbinə Elyas qızı olduğu bildirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.