YAP-ın icra katibinin müavini Siyavuş Novruzov “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə parlament seçkiləri ilə bağlı partiyanın strategiyasından danışıb.
Azpost.info müsahibəni oxucularına təqdim edir:
– Siyavuş bəy, saytlar sizin parlament seçkilərində namizəd olmayacağınızı yazıb. Düzdür, hakim partiyadan məsələyə münasibət bildirilib, amma sizin şəxsi mövqeyinizi öyrənmək istəyirdik.
– Ümumilikdə mən elə başa düşürdüm ki, Milli Şurada təmsil olunan insanlar Seçki Məcəlləsini oxumurlar. Sonradan görürəm ki, bəzi jurnalistlərin də Seçki Məcəlləsindən xəbəri yoxdur, amma seçkidən yazırlar. Siyasi partiyanın səlahiyyətli nümayəndəsi namizəd də ola bilər. Həmçinin hər bir fərdi qaydada namizədliyini irəli sürən şəxs özünün səlahiyyətli nümayəndəsi də ola bilər. Qanunla buna heç bir qadağa yoxdur. Bunun əksini düşünmək ya sensasiya axtarmaqdır, ya da Seçki Məcəlləsindən məlumatlı olmamaqdır. YAP Seçki Məcəlləsinə uyğun olaraq səlahiyyətli nümayəndələrini təqdim edib. Hər dairədə bizi bir nəfər səlahiyyətli nümayəndə təmsil edəcək, bir nəfər isə respublika üzrə təmsil edir – Əli Əhmədov. Bir nəfər də maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndədir, o da mənəm.
– Hər kəsi düşündürür ki, YAP deputatlığa namizədlərinin siyahısını nə zaman açıqlayacaq. Bu barədə nə deyə bilərsiniz?
– Namizədlərlə bağlı siyahı hazırlanır. Yaxın vaxtlarda İdarə Heyətində müzakirə olunacaq və uyğun şəkildə bu namizədlər irəli sürüləcək.
– Bir az da konkretləşdirsək…
– Seçki qanunvericiliyinə uyğun olaraq, seçkilərə 30 gün qalmışa qədər namizəd irəli sürüb və müvafiq sənədləri də toplayıb qeydiyyata alınmaq üçün təqdim edə bilərik. Yəni imza toplayırsan və sənədləri təqdim edirsən. Yəqin ki, növbəti həftələr ərzində YAP-ın namizədləri artıq təqdim olunacaq. Yəni 50 gün qalmışdan 30 gün qalmışa qədər olan bir prosesdir. Bununla bağlı araşdırmalar aparılır, götür-qoy olunur, ondan sonra dairələr üzrə yekun qərar verilir. Bütün bu işlər yekunlaşandan sonra mətbuata geniş şəkildə məlumat veriləcək.
– Siyavuş bəy, yəqin fərqindəsiniz, əksəriyyət, həm partiyalar, həm də fərdi şəkildə seçkiyə qatılmaq istəyənlər hakim partiyanın açıqlayacağı siyahını gözləyir.
– Elə qarşılıqlıdır. Burada söhbət nədən gedir. Sizin də kifayət qədər təcrübəniz var, bilirsiniz, YAP gözləyir ki, kimlər hansı dairədən gedəcək, onlara qarşı kimi alternativ verəcək. Onlar isə gözləyir ki, YAP hansı dairədən kimləri verəcək, o zaman başa düşəcəklər ki, keçə biləcəklər, ya yox? Əslində hər seçkidə belə olur, indi də belədir. Amma yaxın vaxtlarda YAP öz namizədlərini irəli sürəcək.
– Namizədliyin irəli sürülməsi, qeydiyyat və sair prosedurlarla bağlı səslənən fərqli fikirlərə münasibətiniz necədir?
– Azərbaycanda namizədlərin qeydiyyata alınması prosesi ən sadə prosesdir. Yəni hər bir namizədə 450 imza toplamaq və müvafiq sənədləri təqdim etmək lazımdır. Bu sənədlər hansılardan ibarətdir? Əmlakı və gəlirləri haqqında arayış təqdim etməklə, ərizə verməklə namizədliyi qeydiyyata alınır və ona imza vərəqələri verilir. Bilirsiniz ki, Milli Şura bu məsələ ilə bağlı insanları aldatmaqla məşğuldur. İddia olunur ki, prosedur çətinləşib… 2000-ci illə müqayisədə qanunvericiliyə edilən dəyişikliklər nəticəsində namizədin qeydə alınması xeyli sadələşdirilib. Əgər o vaxt namizədlərdən 2 min imza tələb olunurdusa, indi 450 imza tələb olunur. Əgər o vaxt bir seçici bir namizədə imza verə bilərdisə – siz özünüz də namizəd olmuşunuz, əksəriyyəti şikayət edirdi ki, seçici əvvəlki namizədə də imza verdiyi üçün DSK onu qeydə almır – indi bir seçici bir neçə namizədə imza verə bilər. Yaxud əvvəlki seçkilərdə bir seçki vərəqində bir imza səhv idisə, bütün imza vərəqi ləğv olunurdu, yəni 50 imza. İndi isə sadəcə olaraq, həmin səhv imzanı ləğv edirlər, tutaq ki, 49, ya 48-i doğrudursa, artıq onlar düzgün imza kimi hesablanır. Görün Azərbaycanda namizədlərin qeydiyyata alınması üçün nə qədər sadələşmə prosesi gedib. Bir namizəd 9 imza vərəqi, üstəlik, əlavə olaraq 10 faiz artıq imza vərəqi almaq hüququna malikdir. İmza vərəqələrini alır, doldurur, təqdim edir və namizədliyi qeydə alınır. İndiki müasir dövrdə hər bir imza dəqiqliklə yoxlanılır və hər kəsin də şəxsiyyət vəsiqəsi orda öz əksini tapır. Yəni burada heç bir qəlizlik yoxdur. Dünyanın heç bir ölkəsində bu sadəliklə namizədin qeydə alınması prosesi yoxdur.
– Sosial şəbəkələrdə və müxtəlif media orqanlarında iddiaçıların həddindən artıq çox olması da geniş müzakirə olunmaqdadır. Bu amil sizi, YAP olaraq məmnun edir, yoxsa iddiaçıların çoxluğundan narahat olursunuz?
– Azərbaycanda qeydiyyatdan keçmiş 50-dən artıq siyasi partiya var. Hələ qeydiyyatdan keçməyənlərdən danışmıram. 50 siyasi partiyanın 40-dan çoxu artıq öz bəyanatlarını veriblər ki, seçkidə namizədləri ilə iştirak edəcəklər. Bundan əlavə, QHT-lər var – 3 minə yaxın QHT var – onların da bir çoxlarının nümayəndələri seçkilərdə iştirak etmək istəyir. Mətbuat nümayəndələri, qəzet redaktorları və aparıcı jurnalistlər, yaradıcı şəxslər, mədəniyyət işçiləri və xüsusilə gənclər öz niyyətlərini açıqlayırlar. Gənclərin bu prosesə güclü bir axını başlayıb, xüsusilə cənab prezidentin Şamaxıdakı çıxışından sonra… Orada gənclərə müraciət etdi ki, seçki prosesində iştirak edin! Avropada və dünyanın başqa ölkələrində təhsil alan gənclər bu prosesdə iştirak etmək, namizədliyini irəli sürüb gücünü sınamaq üçün çalışır. Onların da iştirak etməsi üçün tam seçki mühiti mövcuddur. Bu mənada mən hesab edirəm ki, hər dairədə namizədlərin sayı həddindən artıq çox olacaq.
– Amma demədiniz, namizədlərin çox olması sizi narahat edir, ya məmnun?
– Bu, həm rəqabətdir, güclərin yoxlanılmasıdır, həm də ümumilikdə götürəndə demokratik bir prosesdir ki, yaşı 18-ə çatmış hər bir Azərbaycan vətəndaşı üçün seçki prosesində özünü sınamaq üçün şərait yaradılır.
– Seçkiqabağı görüşlər, təbliğat-təşviqat məsələləri ilə bağlı hansısa problem yaranmayacaq ki?
– Milli Şura yenə də insanları aldatmaqla məşğuldur, yalan danışırlar. MSK-nın verdiyi təlimatda var ki, hər bir dairənin ərazisində namizədlərə seçicilərlə görüşmək üçün açıq və qapalı, pulsuz yer ayrılır. Əgər hansısa namizəd bu məqsədlə kiminsə mülkiyyətindən istifadə etmək istəyirsə, onunla müqavilə bağlayır və istifadə edir. Biri şadlıq evini, başqası xeyir-şər evini götürür və s. Yəni seçki üçün hər cür demokratik şərait yaradılıb. Hesab edirəm ki, görüşlər çox gərgin keçəcək. Ümumilikdə bu qış çox isti olacaq. (Gülür)
– Deputat həmkarınız Qüdrət Həsənquliyev bizə müsahibəsində demişdi ki, iqtidar indiki durumda çox güclü olduğu üçün 125 yerin 125-ni də götürə bilər. Amma onun fikrincə, YAP çoxpartiyalı sistem əsasında fəaliyyət göstərən parlamentin formalaşması üçün 125 dairənin hamısında namizədlərini irəli sürməməlidir. Bu kimi fikirlər hakim partiya tərəfindən nəzərə alınacaqmı?
– Vaxtilə bizim təcrübəmizdə belə hallar olub. Elə dairələr olub ki, oradan namizəd irəli sürməmişik. Hansı ki, həmin dairələrdən namizədliyini irəli sürən tanınmış şəxslər olub və onlara hörmət əlaməti olaraq namizəd irəli sürməmişik. Məsələn, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun və ya Zeynəb Xanlarovanın namizədliyini irəli sürdüyü dairədən namizəd irəli sürməmişik. Həmçinin bizimlə müttəfiq olan partiyalar var ki, onların sədrlərinə alternativ namizəd verməmişik. Yəni belə hallar olub. Amma seçki bir mübarizədir. Ona görə də bu mübarizədə biz hər tərəfə uğurlar arzulayırıq və açıq mübarizə aparmağa hazırıq.
– Bəzi media orqanları yazıb ki, hakim partiya bir neçə namizədlə bağlı konkret qərarını verib, hətta adlar sadalanır, bəzi deputatların kənarda qaldığı iddia olunur. Nə dərəcədə doğrudur?
– Qəti şəkildə! Heç bir məlumatı olmayan adamlardır. Partiyanın mərkəzi qərargahı var. Burada tam dəqiqləşmə işləri yekunlaşdırdıqdan, partiya sədri ilə bütün namizədlərimizi razılaşdırdıqdan və İdarə Heyətində müzakirə olunub qərar verildikdən sonra bu siyahı təqdim olunacaq. Hələ ki, nə qərar var, nə təqdimat var. Kimsə düşüb ki, hə, filankəs gedəcək, filankəs getməyəcək, o, yanlış informasiya verməklə məşğuldur.
– İndiki ana qədər YAP neçə dairə üzrə namizədlərini müəyyənləşdirib?
– Artıq əksər dairələrdə namizədlərimizin müəyyənləşməsi prosesi başa çatır.
– Siyavuş Novruzov özü necə, artıq dairəsini qətiləşdiribmi?
– Mən partiyanın qərarına tabeyəm. Partiya nə qərar versə, hansı dairəni məsləhət görsə, o dairədən də mən namizədliyimi irəli sürəcəyəm.