SOCAR İtaliyada 4 500 YDM məntəqəsini nə vaxt öz brendinə keçirəcək?– Rəsmi açıqlama

Hazırda İtaliyanın “Italiana Petroli” şirkətinə məxsus yanacaqdoldurma məntəqələrinin (YDM) SOCAR brendi altında fəaliyyət göstərməsi ilə bağlı rebrendinq prosesinin vaxtı və əhatə dairəsi üzrə yekun qərar qəbul edilməyib.

Azpost.info xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.

Qeyd olunub ki, rebrendinq prosesi ilə bağlı yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə rəsmi məlumat veriləcək.

Xatırladaq ki, SOCAR 2025-ci ilin sentyabr ayında İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli” şirkətinin 99,82 faiz səhmlərinin “API Holding” şirkətindən alınmasına dair saziş imzalayıb. Səhmlərin alınması prosesi 2026-cı ilin may ayında başa çatdırılıb.

Bundan sonra, mayın 28-də Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimat mərasimi keçirilib.

“Italiana Petroli” İtaliyanın ən böyük inteqrə olunmuş downstream (paylama və satış) platformalarından biri hesab olunur. 1933-cü ildən fəaliyyət göstərən şirkətin 1 600 əməkdaşı, 4 500 IP markalı yanacaqdoldurma məntəqəsi, iki neft emalı zavodunda illik təxminən 10 milyon ton emal gücü və ölkə üzrə geniş logistika şəbəkəsi mövcuddur.

90 ildən artıq tarixə malik IP Qrupu İtaliyada mobillik və enerji təhlükəsizliyi sahəsində aparıcı özəl şirkətlərdən biri kimi fəaliyyət göstərir. Hazırda SOCAR-ın bu şəbəkənin inkişafı və gələcəkdə mümkün rebrendinq prosesi ilə bağlı qərarı gözlənilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.