Son altı ayda ən çox pul sənaye sahəsinə xərclənib

22 İyul 2021 - 11:31

Cari ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 54,4 faizi sənaye, 20 faizi isə tikinti sahələrinə yönəldilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sözügedən müddət ərzində ümumi vəsaitin 13,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi peşə, elmi və texniki fəaliyyət, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 1,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi təhsil, 0,8 faizi informasiya və rabitə, 0,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, hər birində 0,1 faiz olmaqla istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Əsas kapital istehsal potensialını təyin edən mühüm göstərici kimi,  əmək vasitələrinin dəyərində əks olunur. Milli sərvətin çox dəyərli hissəsini təşkil edən əsas fondlar, həm də ümumi təkrar istehsal prosesinin həlledici şərti, əmək məhsuldarlığını, istehsalın səmərəliliyini, iqtisadi qüdrəti artıran mühüm amil kimi də çıxış edir.