Söyüdlü kəndində yaranmış vəziyyətin monitorinqi və qiymətləndirilməsi üçün yaradılmış komissiya Qurban bayramı günlərində də işini davam etdirib.
Azpost.info bildirir ki, bu barədə Ekologiya və Təbii sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Turan”a bildirilib.
“Götürülən nümunələr öyrənilir, analizlər aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”, – nazirliyin mətbuat xidmətinin rəhbəri deyib.
Qeyd edək ki, Baş naziri Əli Əsədovun sərəncamı ilə iyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində yaranmış vəziyyətin monitorinqi və qiymətləndirilməsi üçün komissiya yaradılıb. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev komissiyanın sədri təyin edilib.
İki həftə keçməsinə baxmayaraq, komissiyanın işinin nəticələri açıqlanmayıb.
“Azerbaijan International Mining Company” qızıl hasilatı şirkətinin nümayəndəsi Elşad Məmmədov jurnalistlərə müsahibəsində müəssisədəki tullantıların əhalinin sağlamlığına və ətraf mühitə zərərli təsirinin olmadığını bildirib.
“Ecofront” ictimai təşkilatı Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Söyüdlü kəndi üzrə hökumət komissiyasının işinin yekunlarını açıqlanması ilə bağlı imza toplama kampaniyasına başlayıb.
“Onlar hətta Söyüdlüdə qızıl mədəni müəssisəsinin işindən ziyanın olmadığını bəyan edə bilməzlər, çünki bilirlər ki, belə bir şey bəyan edərlərsə, rüsvay olacaqlar”, – Ecofront şərh edir.
Azpost.info