“SpaceX” orbitə daha 53 internet peyki çıxarıb

13 Noyabr 2021 - 21:29

Bu gün “Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet şəbəkəsi sistemi üçün nəzərdə tutulan daha 53 minipeyki uğurla orbitə çıxarıb.

“SpaceX” kompaniyasının saytı  xəbər verir ki, “Falcon 9” daşıyıcı raketi ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 07:19-da (Bakı vaxtı ilə 16:19) Florida ştatında yerləşən Kanaveral burnundakı kosmodromdan start götürüb.

Bu, 2019-cu ilin mayından başlayaraq, “Starlink” layihəsi çərçivəsində orbitə artıq 32-ci, cari ildə isə 16-cı buraxılışdır. Hazırda “SpaceX” orbital qruplaşmasına 1842 kosmik aparat daxildir.

Qeyd edək ki, “SpaceX” kompaniyası planetin istənilən nöqtəsində genişzolaqlı internetə girişi təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün orbitə 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Layihənin reallaşdırılması üçün investisiyaların ümumi həcmi 10 milyard dollardır.