Şri-Lanka prezidenti Qotabaya Racapaksa hökumətin yeni baş nazir təyin etməyə və onun səlahiyyətlərinin bir hissəsini ölkə parlamentinə verməyə hazır olduğunu bildirib.
Azpost.info xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Prezident ölkə vətəndaşlarına televiziya ilə müraciət edib: “Mən müəyyən addımlar atıram ki, bu həftə ərzində parlamentdə çoxluğun etimad göstərdiyi, xalqın və yeni kabinetin etimadını qazana biləcək, ölkədəki anarxiyanın qarşısını alacaq yeni baş nazir təyin edilsin”.
Güzəştə getməyə hazır olduğunu deyən Qotabaya Racapaksa yeni baş nazir üçün optimal iş şəraiti yaradacağına söz verib. O, ölkənin prezident respublikasından parlamentli respublikaya keçid kursunun elan ediləcəyini istisna etməyib.
22 milyon əhalisi olan Şri-Lankada etirazlar maliyyə böhranının kəskinləşməsi ilə əlaqədar başlayıb. Etirazçılar prezidentin istefasını tələb edirlər. Vəziyyətin öhdəsindən gələ bilməyən hakimiyyət bütün paytaxta qoşun və zirehli texnika yerləşdirib və təhlükəsizlik işçilərinə zorakılıq aksiyalarında iştirak edən hər bir etirazçıya xəbərdarlıq etmədən atəş açmaq əmri verib.
Azpost.info