SSRİ-nin sabiq rəhbəri olmuş İosif Stalinin varisi Səlim Bensaad babasının cəsədinin məzardan çıxarılmasını və yenidən dəfn edilməsini istəyir.
Azpost.info bildirir ki, bu barədə “xalqlar atası”nın nəticəsi Bensaadın mətbuat katibi Vadim Qorjankin “Moskovskiy komsomolets”ə bildirib.
Onun sözlərinə görə, bununla bağlı yaxın zamanda mətbuat konfransı keçiriləcək. Cuqaşvili nəslinin sonuncu nümayəndəsi olan Səlim Bensaad qəbrin açılması və və dəfni qaydaları barədə məlumat verəcək.
Bensaadın vəkili Yuliya Verbitskaya-Linnik bildirib ki, Səlim İosif Stalinin yeganə törəməsidir və bu rəsmi olaraq təsdiqlənib: “Qanun ona Stalinin qəbrinin eksqumasiya etməyə və yenidən dəfn etməyə icazə verir. Stalin istəyib ki, Novodeviçev qəbristanlığında, həyat yoldaşı Nadejda Alliluyevanın yanında dəfn olunsun. Amma onun bu arzusu yerinə yetirilməyib. Biz qəbrin açılmasına nail olacağıq. Eksqumasiyadan sonra Səlim Bensaad Stalinin qalıqlarının məhkəmə -tibbi ekspertizadan keçirilməsi üçün müraciət edəcək. Onun ölümünün əsl səbəbini öyrənmək mümkün olacaq. Bundan sonra biz Stalinin Novodeviçev qəbristanlığında yenidən dəfn olunmasına çalışacağıq”.