“Sülh sazişinin imzalanması imkanları var. Sadəcə iki əsas məsələ sülhə mane olur”.
Bu sözləri Azpost.info-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov deyib.
Millət vəkili hesab edir ki, Ermənistanın addımları ilə sülhdən yayınmağa çalışır: “Rəsmi İrəvan istəyir ki, ərazi bütövlüyü ilə bağlı rəqəmlər mümkün sülh sazişində əksini tapsın. Amma rəqəmlərin sazişə daxil edilməsi və təsdiqlənməsi mümkün deyil. Çünki kimin torpağının nə qədər olmasını o zaman müəyyənləşdirmək olar ki, delimitasiya və demarkasiya prosesi aparılsın”.
“Ermənistanın mövqeyində ziddiyyətlər var. İrəvan bir tərəfdən bəyan edir ki, delimitasiya və demarkasiya olmadan da sülh sazişi imzalamaq olar, digər tərəfdən ərazilərin nə qədər olması ilə bağlı konkret rəqəm söyləyir. Bu o deməkdir ki, delimitasiyaya ehtiyyac yoxdur, amma Azərbaycan 29.8 min kvadratkilometr ərazini Ermənistana verməlidir. Bu, qəbulolunmaz yanaşmadır”, – deyə deputat vurğulayıb.
H.Məmmədov sülhmə mane olan ikinci amil kimi Naxçıvana maneəsiz gediş-gəlişi göstərir: “Ermənistan Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz gediş-gəliş üçün dəhliz verməlidir. Və ən əsas məsələ Zəngəzur dəhlizinin təhlükəsizliyi məsələsidir. Kommunikasiyaların təhlükəsizliyi təmin edilməlidir”.
“Məsələlər həll olunmadan imzalanan sülh sazişi uzunmüddətli və etibarlı olmayacaq. Eyni zamanda, Ermənistanda revanşizmə birdəfəlik son qoyulmalıdır. Çünki sülh əvvəlcə insanların düşüncəsində, psixologiyasında olmalıdır. Errmənistan ictimai rəyi isə Azərbaycan xalqına və dövlətinə qarşı nifrətlə tərbiyə olunub. Üstəlik, Ermənistan ciddi şəkildə silahlanmaqdadır. Bu halda sülh sazişinin uzunmüddətli olacağını söyləmək çətindir”, – millət vəkili fikrini tamamlayıb.
Anar ABDULLA