“Sülhməramlılar əcnəbilərin ərazimizə buraxılmaması üçün ciddi addımlar atmır” –

Prezident İlham Əliyev
26 Fevral 2021 - 17:49

“10 noyabrda imzalanmış bəyanatda göstərilən əsas məsələlərdən biri Ağdam, Kəlbəcər və Laçın rayonlarının bizə qaytarılması idi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, buna biz nail olduq: “1 dekabr tarixində bu bölgələr bizə qayıtdı. Eyni zamanda bəyanatda göstərilən digər məsələlərlə bağlı hesab edirəm ki, müsbət addımlar atılır. Bəzi məsələlər təbii olaraq hələ ki, icra edilmir. Onlar üçün müəyyən zaman lazımdır. Amma prinsip etibari ilə  məsələ hesab edirəm ki, müsbət istiqamətdə gedir”.

Prezident bildirib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyət göstərməsi də bu istiqamətdə atılmış çox önəmli addımdır: “Mən əminəm ki, bu monitorinq mərkəzi vasitəsi ilə bölgədə sabitlik və atəşkəs rejiminin möhkəmləndirilməsi işinə böyük töhfə veriləcək. Azərbaycan Prezidenti olaraq bildirmək istəyirəm ki, Azərbaycan tərəfindən hər hansı bir aqressiv addım atılmayacaq. Biz bunu heç vaxt etməmişdik və bu gün buna ehtiyac yoxdur. Ona görə 10 noyabr bəyanatı prinsip etibarilə icra edilir. Bəzi məsələlər var ki, 10 noyabr bəyanatında öz əksini tapmayıb, amma ondan sonrakı dövrdə razılaşdırılıb. Bu məsələlərin bir qismi icra edilir, bir qismi isə hələ ki, icra edilmir. Bəzi məsələlər var ki, Rusiyanın sülhməramlı qüvvələri bizim ərazimizə əcnəbi vətəndaşların buraxılmamasında o qədər də ciddi addımlar atmırlar. Bu bizi narahat edir. Bu narahatlığı da biz Rusiya tərəfinə çatdırırıq və əminəm ki, vaxt keçdikcə bu məsələlər də tənzimlənəcək”.