“Mən sabiqlər barədə heç nə demək istəmirəm. Hamısı vəzifədə olanda rəhbərkik etdikləri qurumlarla bağlı kifayət qədər lazımi tənqidlərimi etmişəm. Təqsirləri yoxdursa, Allah qapılarını açsın. Təqsirləri varsa, hüquq-mühafizə orqanları ölkənin cinayət məcəlləsinə uyğun lazımi ölçü götürəcəklər. Amma olduqları vəzifədə dövlətin, Prezidentin əleyhinə işləyənləri heç vaxt qəbul etməmişəm, etməyəcəm də. Bu məsələlərə indi yox, 10 ildir toxunuram, konkret faktlar göstərirəm. Mən kiminsə barəsində vəzifədən çıxandan sonra danışmıram, vaxtında danışmaq lazım idi”.
Azpost.info bildirir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ölkə gündəmini dəyişən son hadisələr barədə fikirlərini bölüşərkən deyib.
“O pullar şəhid ailələrinə, qazilərə xrclənməlidir”
V.Əhmədovun sözlərinə görə, Prezident İlham Əliyevin məmurlarla bağlı sonuncu çıxışı əhali arasında ciddi raeksiya doğurub: “İnsanlar son proseslərdən məmnundurlar. Mən həmişə demişəm ümumilikdə korrupsiya əməlinə görə həbslərin tərəfdarı deyiləm. Fakt varsa, o əmlakların, vəsaitlərin dövlət büdcəsinə qaytarılması təmin olunmalıdır. Xüsusilə indiki şəraitdə həmin vəsaitlərlə qazilərin, şəhid ailələrinin həllini gözləyən bir çox problemini aradan qaldırmaq olar”.
“Rus sülhməramlıları Qarabağa gələndə “5-ci kolon” nəfəs alıb çeviriliş etmək niyyətinə düşdü”
Deputat qeyd edib ki, proses sonuncu həbslərlə yekunlaşmayacaq: “Azərbaycanda təmizləmə prosesi getməlidir. Bir şeyi diqqətə çatdırım ki, Qarabağda rus sülhməramlıları yerləşdiriləndən sonra Azərbaycanda “5-ci kolon” dirçəldi, sanki onlara ikinci dəfə nəfəs verildi. Öz “böyüklərilə” məsləhətləşmələr apararaq, Azərbaycanda müəyyən oyunlar qurmağa başladılar. Kifayət qədər pulu, gücü olanlar dövlət çevirilişi etmək niyyətinə düşdülər. Amma xalq, əhali Prezidentin arxasındadır. 44 günlük müharibə bir daha Ali Baş Komandanın əzmini sübut etdi. Ona görə də kimsə hansısa niyyətə düşsə, dərhal cavabını alaraq, yerində oturdulacaq”.
“Harınlamış məmurlar heç Prezidenti də eşitmirlər, onlar dövlət üçün təhlükədir”
Deputat hazırda vəzifə başında olanlar arasında həddindən çox harınlamış məmur-oliqarxların var olduğunu diqqətə çatdırıb:
“Bilirsiniz, bu prosesin davamlı olmaması qeyri-mümkündür. Çünki vəziyyət elə bir səviyyəyə çatıb ki, həlsiz qala bilməz. Son illər çox sayda kadr dəyişikliyi aparılıb, vəzifəyə gənc, Avropa təhsilli kadrlar gətirilib. Yenilər müəyyən səhvlər buraxacaqlar, amma onlar Azərbaycan dövlətinə xəyanət etməyəcəklər, Azərbaycanın müstəqilliyinin əleyhinə addım atmayacaqlar, heç vaxt ciddi korrupsiya faktlarına görə istintaq edilməyəcəklər. Mən o gənclərin əksəriyyətini tanıyıram, əlaqələrim də var, məsləhətləşmələrimiz də olur. Amma 20-25 il vəzifədə olan kadrlar harınlaşmış kadrlardır. Kifayət qədər vəsait toplamış, vəsaitləri xaricə çıxarmış oliqarxlardır. Onlar nəninki bizim, heç ölkə rəhbərinin də sözünü eşitmirlər. Ona görə də onlar dövlət üçün həmişə təhlükədir”.