Sumqayıtda dəniz suyu duzsuzlaşdırılacaq- İçməli su istehsal ediləcək

Azərbaycanda su ehtiyatlarından istifadənin yaxşılaşdırılması, su təhlükəsizliyinin təmini, əhalinin içməli su təchizatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlbi sosial-iqtisadi inkişafda önəm kəsb edir.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, dövlətimizin başçısının dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsinə dair Sərəncamının icrası məqsədilə İqtisadiyyat Nazirliyində aidiyyəti qurumların nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb, layihənin icrasına texniki, maliyyə və hüquq sahələrində beynəlxalq təcrübəyə sahib məsləhətçilər cəlb olunublar.

İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirməsi və idarə edilməsi layihəsi üçün potensial investorların cəlb olunması məqsədilə cari il fevralın 8-də elan olunmuş müsabiqənin ixtisas uyğunluğunun qiymətləndirilməsi ilə bağlı birinci mərhələsi başa çatıb.

Müsabiqədə iştirak etmək üçün 8 şirkət tərəfindən müvafiq sənədlər İqtisadiyyat Nazirliyinə təqdim edilib. İxtisas qiymətləndirməsinin nəticələrinə uyğun olaraq tələblərə cavab verən 5 şirkətə müsabiqənin şərtlər toplusu göndərilib. Növbəti mərhələdə müsabiqənin keçirilməsi ilə bağlı digər zəruri tədbirlər görüləcək. Cari ilin iyul ayının 1-dək şirkətlər tərəfindən təkliflər təqdim olunacaq, sonra təkliflər qiymətləndiriləcək. Layihə təkliflərinin qiymətləndirilməsi nəticəsində müsabiqə qalibi elan ediləcək və dövlət-özəl tərəfdaşlığı müqaviləsi bağlanacaq.

Suyun keyfiyyəti, infrastrukturun vəziyyəti, ətraf mühit kimi məsələlər nəzərə alınmaqla layihənin Sumqayıt şəhərində icra edilməsi nəzərdə tutulur. Əhalinin və iqtisadiyyatın ehtiyacları, ölkənin su proqnozlarının nəticələrinə əsasən növbəti illərdə içməli suya olan tələbatın artacağı nəzərə alınaraq layihənin istehsal gücü illik 100 milyon kubmetr olacaq.

Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı layihələri dünyanın bir sıra ölkələrində icra edilir. Qlobal istiləşmə, su ehtiyatlarının səmərəsiz istifadəsi və dünyada artan quraqlıq içməli suyun istehsalı üçün duzsuzlaşdırma zavodlarının fəal istifadəsinə təkan verib.

Son illərdə dünyada dəniz suyunun duzsuzlaşdırılması layihələrində “Əks Osmos” (Reverse Osmosis) texnologiyası tətbiq edilir. Bir sıra ölkələrdə bu layihələr dövlət-özəl tərəfdaşlığı modeli ilə həyata keçirilir. Səudiyyə Ərəbistanı, BƏƏ, İsrail kimi Yaxın Şərq ölkələrində bu layihələr geniş yayılıb. Həmçinin, ABŞ, Avstraliya və bir sıra başqa ölkələrdə də duzsuzlaşdırma zavodları fəaliyyət göstərir.

Əvvəlki məqalə

Kreml Ukraynaya Qərb qoşunlarının göndərilməsi təklifini şərh etdi

Sonrakı məqalə

“Heç nədən qorxmuruq”