Sumqayıtda klinikanın zirzəmisində meyit tapılması ilə bağlı cinayət işi başlanıb –

RƏSMİ
02 Noyabr 2020 - 14:28

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Sumqayıt şəhərində yerləşən “Hippokrat” klinikasının zirzəmisində naməlum kişi meyitinin aşkarlanması barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 1-də saat 11 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Hippokrat” klinikasının yaxınlığında naməlum kişi meyitinin aşkar edilməsi barədə Sumqayıt Şəhər Prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Naməlum cəsədə baxış zamanı onun üzərində heç bir xəsarət və ya xəsarət izi aşkar edilməyib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə naməlum meyitin şəxsiyyətinin və hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.