Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının asfaltlanması işlərinə başlanılıb.
Agentlikdən APA-ya bildirilib ki, ümumi uzunluğu 28.5 km olan avtomobil yolları 2 texniki dərəcəyə uyğun olaraq bərpa edilir. 2 geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edir.
Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır. Tikinti işləri zamanı yollar boyu yararsız qrunt qazılaraq çıxarılıb, yararlı qruntla əks-dolğu işləri aparılıb, torpaq yatağı genişləndirilərək profilə salınıb və yeni yol əsası inşa edilib.