Şuşa-Laçın yolunda bulağın ətrafının zibilliyə çevrilməsinə dair görüntülər araşdırılıb- FOTO

Şuşadan Laçına gedən yolda təbii bulağın ətrafının zibilliyə çevrilməsi barədə” sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb və xoşagəlməz vəziyyətin aradan qaldırılması təmin edilib.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti (DETX) məlumat yayıb.

Bildirilib ki, xidmətin əməkdaşlarının və “Təmiz şəhər” ASC-nin işçilərinin köməyi ilə sahələrin tullantılardan təmizlənməsi təşkil olunub, toplanmış tullantılar Xankəndi poliqonuna daşınıb.

Ərazidə tullantıların atılmasını qadağan edən lövhələrin quraşdırılması üçün işlərə başlanılıb.

“Əhalinin diqqətinə çatdırırıq ki, ictimai yerlərə, yol kənarlarına, təbiət ərazilərinə məişət tullantılarının atılması mövcud qanunvericiliklə qadağandır. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edir: Ölkəmizin bütün ərazilərinin təmiz saxlanılması, tullantılarla çirkləndirilməməsi hər birimizin vətəndaşlıq borcudur. Hüquqi məsuliyyətdən öncə milli dəyərlərə hörmət edib, ərazilərimizin təmizliyini qorumalıyıq”, – məlumatda deyilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.