Şuşanın mayı –Hikmət Sabiroğlu yazır

Şuşanın mayı…

Həyətdən yasəmən yığıb məktəbə apararsan, uşaqların gətirdiyi bənövşəyə-nərgizə qarışıb imtahanı bəzəyər.

Mahnı bayramı olar, qışdan çıxmış qanın qaynayar, baş-gözünə əl gəzdirib, təzə-tər geyinib Cıdır düzünə tələsərsən.

Lal dilin açılar, yamyaşıl ağaclar sevgi etirafına şahidlik eləyər.

Sonra…

Bir may səhəri atan gözlərini yumar, dağın sevimli ayı qaraya bürünər.

Daha bir itkili mayı – xalanın ömür-gün yoldaşının, səni arana, Ağdama, Muğanlı kəndinə bağlayan Əmirxan əminin qəfil ölümünü xatırlayarsan.

Sonra…

1992-ci ilin mayı gələr. Dağ uçar, aran batar.

Çox çəkər bu may. Çox.

Hər may zülm yaşanar. Aya baxmaz, günə baxmaz may – boynundan asılar hər ayın hər günü.

Atan yuxuna girər, amma bir yuxuda da üzünə baxmaz, ölüb yerə girərsən.

Qıraqdan baxan deyər dirisən, bir özün bilərsən necə varsan.

Sonra…

8 may qanlı taxtından düşər. Dağ yenə dikələr, aran qurtular.

Dilin tutular. Telefonu bağlamaq istəyərsən. Adamları qırmağa üzün gəlməz amma. Hər zəng sənə qoşulub susar, axırda telefon öz-özünə sönüb gedər.

Sonra…

May gələr.

Yasəmən yurduna. Mahnı yurduna. Sevgi yurduna. Dağa-arana. Sabirin yurduna, Əmirxanın yurduna.

İnanarsan may zülmü bitib…

Novator.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış başa çatıb

Sonrakı məqalə

Varlılar dünyanı yeyirlər –