Şərqi Azərbaycan Mədəni İrs İdarəsinin müavini Əlirza Quçi Təbrizin tarixi binalarının 90 faizindən çoxunun məhv edildiyini, qalan 10 faizinin isə məhv olmaq üzrə olduğunu deyib.
Quçi bunu Təbriz Şəhər Şurası iclasında söyləyərək, Təbrizin tarixi binaları və tarixi yerlərinin məhv olmasının “etinasızlıq və diqqətsizlik” nəticəsində baş tutduğunu ifadə edib.
İsfahanın Nəqşi Cahan meydanının memarlığında Təbrizin Həsən Padişah Meydanından təsirləndiyini ifadə edən Quçi “30 ildən sonra 2 ildir ki, təmir və yenidən qurma işləri başlanıbdır”, deyə əlavə edib.
O həmçinin Təbrizin bir çox tarixi bina və abidələrinin etinasız və nəzarətsiz şəkildə “özbaşına buraxıldığını”, ancaq təmir və bərpa işlərinin başlandığı ifadə edib. “Şəhərin tarixi hissəsinin yenidən qurulması üçün xüsusi plan 2016-cı ildə 10 ay ərzində hazırlanmalı idi, lakin hələ yarımçıq qalıb”- deyə, o açıqlayıb.
Son zamanlarda Təbrizdə tarixi binaların məhv olması mədəni irs müdafiəçiləri və azərbaycanlı fəalların narahatlığına səbəb olub.
May ayının 10-da Təbrizin tarixi məhəlləsi olan Abbasidə Mirzə Nağı Hamamının bir qisminin ağır maşınlar vasitəsi ilə məhv edildiyi bildirilib. Mirzə Nağı Hamamının tarixi ilə bağlı müxtəlif nəzəriyyələr olsa da, tarixçilərin bir hissəsi bu abidənin Elxanilər sülaləsinin hakimiyyəti zamanı inşa olduğuna inanırlar.
Həmçinin Təbrizin Cəmşidabad məhəlləsində yerləşən Babaxan Evi adlı başqa bir tarixi abidənin böyük bir hissəsinin məhv edildiyi haqda sosial mediada bir sıra şəkillər və xəbərlər yayılsa da, Təbriz bələdiyyə başçısı İrəc Şəhin Baher bu xəbərlərə təpki verərək, binanın heç bir ziyan almadığını və məhv olan hissənin tarixi dəyəri olmadığını bildirdi.
Şərqi Azərbaycan vilayətinin Mədəni İrs İdarəsinin sözçüsünün İRNA xəbər agentliyinə bildirdiyinə görə, Babaxan Evi 2007-ci ildə İranın milli tarixi abidələr siyahısında qeydiyyata alınıb, ancaq buna baxmayaraq, bu tarixi abidənin qorunması üçün heç bir tədbir görülməyib.