Tоfiq Yaqublunun işində hal şahidi olmuş Nəbi Acalov:

"Heç kimə qarşı ifadə verməmişəm" (VİDEO)
14 Sentyabr 2020 - 20:16

Tofiq Yaqublunun cinayət işində hal şahidi kimi adı keçən Bakı şəhər sakini Nəbi Acalov barəsində yayılan ittihamlara cavab verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sosial şəbəkələrdə guya onun cinayət işində yalançı şahidlik etməsi ilə bağlı yayılan məlumatlar və ittihamlar əsassızdır.

O bildirib ki, hadisənin şahidi olmayıb və bununla bağlı heç kimə qarşı ifadə verməyib. O yalnız yol nəqliyyat hadisəsindən sonra yol polisinin dəvəti ilə baxışda iştirak edərək bu barədə aktı və sxemi könüllü imzalayıb.

Sosial şəbəkələrdə yayılan səs yazısında da, o bu şəkildə fikrini ifadə etməyə çalışsa da, onun fikirləri kimlərsə tərəfindən ictimaiyyətə səhv, təhrif olunmuş şəkildə təqdim olunub.

O bildirib ki, iş materiallarında olan və sosial şəbəkədə yayılmış avtomobillərin toqquşması ilə bağlı akt və sxemdəki imzalar ona məxsusdur, hətta bunu məhkəməyə ünvanladığı teleqramla da təsdiq edib.