Tərəvəzlər yox olur: Kartof, soğan və yerkökü kifayət etməyəcək?-Alimlərdən ciddi xəbərdarlıq

Alimlər tərəvəzlərin Yer kürəsində tamamilə yoxa çıxa biləcəyini deyil, istifadə etdiyimiz tərəvəzlərin və onların sortlarının müxtəlifliyinin sürətlə azalmasının ciddi təhlükə yaratdığını bildirirlər.

Azpost.info bildirir ki, bu barədə IFLScience yazır.

Tədqiqatçıların fikrincə, dünyada tərəvəz bazarları getdikcə daha yeknəsəq olur. Mağazalarda təqdim edilən tərəvəzlərin çeşidi azalır, ənənəvi sortlar və yabanı növlər isə daha geniş yayılan məhsullarla əvəzlənir. Bu proses kənd təsərrüfatının biomüxtəlifliyinin azalmasına gətirib çıxarır.

12 min il ərzində formalaşan müxtəliflik

Müasir insanın istifadə etdiyi tərəvəzlərin böyük hissəsi nisbətən yaxın dövrdə yaranıb. Onlar təxminən 12 min il əvvəl Neolit inqilabı zamanı yabanı bitkilərin əhliləşdirilməsi və məqsədli seçilməsi nəticəsində formalaşıb.

Lakin son onilliklərdə kənd təsərrüfatının sənayeləşməsi, məhsulların standartlaşdırılması və qlobal təchizat sistemlərinin inkişafı tərəvəz müxtəlifliyinin azalmasını sürətləndirib.

Hazırda alimlər 1480-dən çox yeməli tərəvəz növü müəyyənləşdiriblər. Lakin bu zənginliyin böyük hissəsindən qida rasionunda demək olar ki, istifadə olunmur.

Dünyada ən çox istehlak edilən tərəvəzlər arasında yerkökü, kartof və soğan olsa da, qanadlı lobya, Çin brokkolisi – qay lan kimi məhsullar daha az tanınır.

Niyə tərəvəz müxtəlifliyinin azalması təhlükəlidir?

Alimlərin fikrincə, problemin ilk ciddi nəticəsi qidalanma ilə bağlıdır.

İnsanların qida rasionunda istifadə etdiyi tərəvəzlərin çeşidi nə qədər az olarsa, orqanizmin qəbul etdiyi müxtəlif vitamin, mineral və digər faydalı maddələrin spektri də bir o qədər məhdudlaşa bilər.

Tədqiqatın aparıcı müəllifi Maarten van Zonneveld hesab edir ki, məsələ yalnız daha çox tərəvəz istehsal etməkdən ibarət deyil. Əsas məqsədlərdən biri becərilən bitkilərin çeşidini genişləndirməkdir.

Alimlərin fikrincə, tərəvəzlərin ənənəvi sortlarında və onların yabanı qohumlarında mühüm genetik müxtəliflik hələ də qorunub saxlanılır. Lakin bu genetik ehtiyatların yoxa çıxmaması üçün onların qorunması sürətləndirilməlidir.

Monokultura kənd təsərrüfatını daha həssas edir

Tərəvəz müxtəlifliyinin azalması yalnız qidalanmaya deyil, kənd təsərrüfatının ekoloji dayanıqlığına da təhlükə yaradır.

Monokultura – eyni məhsulun böyük ərazilərdə kütləvi şəkildə yetişdirilməsi – xəstəliklərin yayılma riskini artırır. Bir infeksiya müəyyən bitki növünə ciddi zərər vurursa, eyni məhsulun böyük sahələrdə yetişdirilməsi xəstəliyin sürətlə yayılmasına şərait yarada bilər.

Alimlər kifayət qədər qiymətləndirilməyən bitkilər arasında Afrikada xlorofitum, Asiyada acı balqabaq və Sakit okean regionunda bəzi ənənəvi kələm növlərini qeyd edirlər.

Alimlər 4 istiqamət təklif edir

Mütəxəssislər hökumətlərin tərəvəz biomüxtəlifliyinin qorunması üçün dörd istiqamətə diqqət yetirməsini təklif edirlər:

  1. Qoruma – ənənəvi sortların və yabanı bitki qohumlarının saxlanılması;
  2. İstifadə – az tanınan tərəvəzlərin qida rasionuna qaytarılması;
  3. Dəstək – fermerlərin müxtəlif məhsullar yetişdirməsinə şərait yaradılması;
  4. Tətbiq – tərəvəz biomüxtəlifliyinin kənd təsərrüfatı siyasətinə və istehsal sistemlərinə inteqrasiyası.

Beləliklə, söhbət yaxın gələcəkdə Yer kürəsində kartof, soğan və ya yerkökünün yox olmasından getmir. Əsas təhlükə insanlığın minilliklər ərzində formalaşdırdığı bitki müxtəlifliyinin tədricən itirilməsidir.

Bu proses davam edərsə, gələcəkdə kənd təsərrüfatı həm iqlim dəyişikliklərinə, həm xəstəliklərə, həm də yeni zərərvericilərə qarşı daha həssas vəziyyətə düşə bilər.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.