Tarixçi Qaxariya Gürcüstanın yeni baş naziri olacaq

Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası ölkənin baş naziri postuna Georgi Qaxariyanı namizəd irəli sürüb.

Azpost.info novator.az-a istinadən bildirir ki, qərar sentyabrın 3-də partiyanın Siyasi Şurasında qəbul olunub. Georgi Qaxariya hazırda daxili işlər naziridir.

Əvvəlki baş nazir Mamuka Baxtadze sentyabrın 2-də istefa verib. O, istefasını missiyasının başa çatması ilə əsaslandırıb. Mamuka Baxtadze qeyd edib ki, baş nazir postuna gələrkən əsas missiyası ölkənin strateji inkişafının istiqamətlərinin müəyyənləşməsi olub və bu vəzifənin öhdəsindən gələ bilib.

Gürcüstanda hökuməti 150 yerlik parlamentə azı 76 mandat əldə edən partiya formalaşdırır. 2016-cı ilin oktyabrında keçirilmiş son parlament seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası çoxluq əldə edib. 2012-ci ildə qurulmuş partiya həmin ilin oktyabr ayından hakimiyyətdədir. Partiyaya milyarder Bidzina İvanişvili sədrlik edir.

Bu il iyunun 20-si Gürcüstan parlamentində Pravoslav Parlamentlərarası Assambleyasının sessiyası keçirilib. Tədbirə Rusiya Dövlət Dumasının kommunist deputatı Sergey Qavrilovun sədrlik etməsi müxalif deputatların sərt etirazına səbəb olub, onlar beynəlxalq tədbiri yarımçıq dayandırıblar.

Müxaliflər etirazı Sergey Qavrilovun Gürcüstanın ərazi bütövlüyünə qarşı təcavüzdə iştirakı ilə əsaslandırıblar.

Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri 1990-cı illərin əvvəlindən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edərək onları müstəqil dövlətlər kimi tanımaq qərarı verib. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.

20 iyun qalmaqalı kütlələri də hərəkətə gətirib. Vahid Milli Hərəkat və Avropa Gürcüstanı partiyalarının çağırışı ilə Tbilisinin mərkəzinə toplaşan müxaliflər parlament sədri İrakli Kobaxidzenin və başqa yüksək rəsmilərin istefasını tələb ediblər. Onlar dövlət rəsmilərini düşmənə loyallıqda günahlandırıblar.

Həmin axşam müxaliflərin bir qrupu parlament binasına daxil olmağa çalışıb. Polis bunun qarşısını almaq üçün güc tətbiq edib. Toqquşmalarda 80-i polis əməkdaşı olmaqla 240 nəfər xəsarət alıb. 2 aksiyaçı rezin güllə atəşindən gözünü itirib, 305 nəfər tutulub.

Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının təmsilçisi olan İrakli Kobaxidze iyunun 21-də Gürcüstan parlamentinin sədri postundan istefa verib. Müxalif qüvvələr iyunun 20-də mitinqçilərə güc tətbiqinə başçılıq etmiş daxili işlər naziri Georgi Qaxariyanın istefasını da tələb edib. Ancaq Georgi Qaxariya postunda saxlanıb.

Georgi Qaxariya 1975-ci ildə paytaxt Tbilisidə doğulub. Tbilisi Dövlət Universitetini tarixçi, Moskva Dövlət Universitetini politoloq ixtisası ilə bitirib. 2016-2017-ci illərdə iqtisadiyyat və davamlı inkişaf naziri olub. 2017-ci ildən daxili işlər naziridir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nikolay Patruşev sabah Bakıya gəlir –

Sonrakı məqalə

İctimai fəal Rafael Hüseynzadəyə 30 sutka həbs cəzası verilib