Tibb müəssisələrində jurnalistlərin suallarını cavablandırmaq üçün məsul şəxslər olacaq

- Detallar
30 Yanvar 2020 - 13:52

“Tibb müəssisələrində jurnalistlərin suallarını cavablandırmaq üçün məsul şəxslər olacaq”.

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib. Şöbə müdiri qeyd edib ki, yaxın zamanlarda KİV nümayəndələri həmin şəxslərlə əlaqə saxlaya biləcəklər:

“Bir neçə KİV nümayəndəsi eyni hadisə ilə bağlı tibb müəssisəsinə müraciət edirsə, onlara eyni məlumat verilir. Hər kəsin məlumat almaq hüququnu təmin etmək məqsədilə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edilməli və ya informasiya xidmətləri göstərən struktur bölmə yaradılmalıdır. Hər hansı iş başlayanda müəyyən nüanslar var, gecikmələr ola bilər. Tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində olarkən belə xidmət verilmirdi. Hər hansı məsul şəxs yox idi. Biz bunu artıq qururuq. Yaxın zamanlarda KİV nümayəndələri xəstəxanalara müraciət edəndə həmin şəxslərlə əlaqə saxlayacaq”.

Ş.Eyvazov qeyd edib ki, müəyyənləşdirilmiş xüsusi saatlarda KİV nümayəndələrinin informasiya əldə etmək üçün tibb müəssisəsinə girişi təmin ediləcək: “Tibb müəssisəsi ştat rejimində işləyir və işi vətəndaşa xidmət etməkdir. Birinci prioritet xəstədir. Onu qoyub informasiya verə bilməz. Jurnalistin suallarını cavablandıran məsul şəxs olmalıdır”.