Müsavat partiyasının fəalı, ev dustaqlığına buraxılan Tofiq Yaqublunun işi onun haqqında hökm çıxarmış Nizami Rayon Məhkəməsinə qaytarılıb.
Buna sentyabrın 28-də Bakı Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası qərar verib. Bakı Apellyasiya Məhkəməsində Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökmdən verilmiş şikayətə baxılır.
Sentyabrın 28-də ilkin baxış iclasında Tofiq Yaqublunun vəkilləri Aqil Layıc və Nemət Kərimli deyiblər ki, onlar hələ də Nizami Rayon Məhkəməsindəki iclasların protokolları ilə tanış olmayıblar. Çünki onlara bunun üçün şərait yaradılmayıb. Vəkillərin daha bir vəsatəti isə Tofiq Yaqublunun telefonu və avtomobilinin qaytarılması haqda olub.