Tofiq Yaqublunun məhkəməsi başlayıb

24 İyul 2020 - 19:12

Bakının Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı avqustun 5-nə təyin edilib.

Tofiq Yaqublunun yaxınlarının Amerikanın Səsinə verdiyi məlumata görə, prosesin açıq olmasına baxmayaraq, sərt karantin rejimi olduğunu bildirərək ictimaiyyət nümayəndələrini, jurnalistləri məhkəmə zalına buraxmayıblar.

Bu günki prosesdə vəkillər Tofiq Yaqubluya qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinə xitam verilməsi və ailəsinə məxsus avtomobilin qaytarılması, məhkəmə tərkibinə etirazla bağlı vəsatətlər verib. Lakin məhkəmə heç bir vəsatəti təmin etməyib.

Məhkəmədə zərərçəkmişlər də iştirak edib.

Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, “8-ci kilometr bazarı”nın yaxınlığında Tofiq Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” avtomobili ilə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.”

Yaqublunun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Amma Yaqublu özünü təqsirli bilmir.