Tofiq Zülfüqarov XİN rəhbəri Ceyhun Bayramovla görüşüb:

"Çaya qonaq etdi"
13 Aprel 2021 - 11:35
“Diplomatik pasportun etibarlılıq müddəti bitdi. Qanuna görə, istifadə hüququnu özümdə saxlayıram. Nazir Bayramov lütfkarlıqla məni görüşə dəvət etdi və çaya qonaq etdi”.
Azpost.info bildirir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov yazıb.
“Press-reliz dili ilə desək geniş mövzular ətrafında təfərrüatlı söhbətimiz oldu. Sadə dildə desək, müharibə ilə əlaqəli çətin dövrlərə baxmayaraq, Nazirlikdə kadr siyasətində işlərin qaydaya salınmasında, qərarların hazırlanması və qəbul edilməsində kollegiallıq təcrübəsinin geri qaytarılması üçün bir çox işlərin görüldüyünü eşidərkən sevindim. İctimaiyyət və mətbuatla iş üslubunda yeniliklər nəzərdə tutulur. Nazirliyin nəzdində ictimai şuranın yaradılması planlaşdırılır və qeyd edim ki, bu, mövcud qanunvericiliklə nəzərdə tutulub.
Nazirin cari gündəmdəki aktual məsələləri müzakirə edəcək qədər açıq olmasına sevindim.
Pasportumu aldım və ən əsası əmin oldum ki, bilikli, təcrübəli və təşəbbüskar Nazirimiz var və doğma nazirliyim yenidən canlanıb və ölkənin maraqlarına sədaqətlə xidmət edir!”-deyə T. Zülfüqarov qey edib.